Geosiyasi dəyişikliklər müasir problemlərin qavranılmasına və həllinə təsir göstərir.
Trend xəbər verir ki, bunu 1998–2002 və 2018–2023-cü illərdə Monteneqro prezidenti olmuş Milo Cukanoviç XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı söyləyib.
Onun sözlərinə görə, qlobal geosiyasətdə baş verən hazırkı dəyişikliklər gözlənilən olsa da, yenə də şok effekti yaradır.
"Ən mübahisli siyasi hədəflərdən biri odur ki, geosiyasi gərginliklər konstitusiyanın yenidən nəzərdən keçirilməsi vəya müasir siyasi sistemin əsaslarının yaradılması zamanı çox vaxt nəzərə alınmır. Strktural disfunksiyaların yaratdığı problemlər, çoxtərəfli yanaşma və dünya arxitekturasının, o cümlədən qlobal qeyri-sabitlik şəraitində demokratiyanın inkişafı üçün həlledici faktora çevrilir",- deyə Milo Cukanoviç vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.