Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb.
Trend xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç 12-ci Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı söyləyib.
"Biz qlobal oyunçu olmaq istəyirdik, lakin bunun üçün uyğun imkanlarımızın və resurslarımızın olmasına diqqət yetirmədik", - deyə o bildirib.
Qrabar-Kitaroviç hazırda Aİ üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
"Avropalı müttəfiqlər arasında öz imkanlarının yaradılması, müdafiəyə və müdafiə güclərinə investisiyaların artırılması barədə çoxlu müzakirələr aparılır", - deyə sabiq prezident qeyd edib.
Bununla yanaşı, onun Aİ-nin müdafiə güclərinin artırılması ilə bağlı proqnozları nikbin deyil.
Qrabar-Kitaroviç vurğulayıb ki, Aİ hər şeyi dəyişməlidir – satınalma sistemindən tutmuş, əksər maliyyə institutlarının hərbi sahəyə, hətta ikili təyinatlı texnologiyalara investisiya qoymasını qadağan edən qaydalara, eləcə də konkret planlara və ittifaqın hansı imkanlara ehtiyacı olduğuna qədər. O qeyd edib ki, konkret plan təqdim olunduqda, cavab adətən belə olur: "Bu, həddən ziyadə risklidir".
Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.