Orta Dəhliz praqmatik əlaqəni təmin edəcək - Qırğızıstanın sabiq baş naziri (ÖZƏL)

Orta Dəhliz təkcə emosional əlaqə deyil, həm də ölkələrimiz üçün faydalı olacaq praqmatik əlaqəni təmin edəcək.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Qırğızıstanın keçmiş baş naziri Comart Otorbayev deyib.

"Əsas odur ki, bizim təkcə humanitar sahələrdə deyil, eyni zamanda iqtisadi yöndə də əlaqələrimiz getdikcə daha da inkişaf edir.
Sözsüz ki, bu inkişafda Orta Dəhlizin rolunu da xüsusi qeyd etməliyəm. Burada əsas məsələ aşağı nəqliyyat xərci ilə yüklərin Çindən koridor vasitəsilə Avropaya və əks istiqamətə daşımasıdır", - deyə o bildirib.

Sabiq baş nazir forumdan gözləntilərini də bölüşüb: "Dünyanın müxtəlif yerlərindən fərqli sahələr üzrə sabiq və yaxud hazırkı liderləri birləşdirməsi forumu daha da uğurlu edir. Forum getdikcə daha çox əhəmiyyət kəsb edir. Bir çox insanlar hədsiz məşğuldur, lakin onlar buraya gəlməyə çalışırlar. Çünki onlar bu forumun, həqiqətən də, çox əhəmiyyətli bir danışıqlar mərkəzinə çevrildiyini anlayırlar".

"Azərbaycanla əməkdaşlığımız da müsbət dinamikada davam edir. Biz təkcə dünyamızda necə irəliləyəcəyimiz haqqında ümumi anlayışı bölüşmürük, həm də Türk Dövlətləri Birliyinin üzvüyük", - deyə C. Otorbayev vurğulayıb.