Türkiyə regionda sülhün təmin edilməsi istiqamətində irəliləyəcək - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkəsinin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin edilməsi istiqamətində atacağı addımlara diqqət çəkib.

Trend xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan "Beştepe" Konqres Mərkəzində çıxışı zamanı deyib.

 

Ərdoğan bildirib ki, Ankara sülh, ədalət və sabitliyin təmin edilməsi mövzusunda qətiyyətlidir və ölkə ədalətsizliyin aradan qaldırılması və dost ölkələrə təzyiqlərin qarşısının alınması məsələsində fəal rol oynamağa davam edəcək. "Bizə harada ehtiyac varsa, oradayıq. Türkiyəni ziddiyyətlərin həlli mərkəzinə çevirmək yolunda qətiyyətlə irəliləyirik", - deyə dövlət başçısı qeyd edib.

Həmçinin, Ərdoğan Türkiyədə xeyriyyə həftəsinin təsis edildiyini elan edib. Hər il 13-20 mart tarixləri arasında təşkil ediləcək humanitar aksiyalarla, Türkiyə xalqlarına yardım etməyə davam edəcəyini vurğulayıb.