Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar - Paşinyan

Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar.

Trend xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-lərinə müsahibəsində deyib.

“Bu gün Ermənistan ilə Türkiyə arasında birbaşa bir dialoq, çox açıq bir ünsiyyət var və əgər münasibətlərimizin əvvəlki dövrünü nəzərə alsaq, bu, olduqca mühüm bir dəyişiklikdir. Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar”, - o bildirib.

Onun sözlərinə görə, kənardan baxanda bu, konkret bir nəticə kimi görünməyə bilər, lakin onun üçün bu, real bir nəticədir.

“Çünki əvvəllər bir-birimizin baxışlarını dəqiqləşdirmək imkanından belə məhrum idik. “Ankarada nə düşünürlər?” sualına adətən üçüncü ölkələr vasitəsilə cavab tapmağa çalışırdıq. Eyni qaydada Ankara da əsasən üçüncü ölkələr vasitəsilə İrəvanda nə düşünüldüyünü öyrənirdi. İndi isə, sözün əsl mənasında, nümayəndələrimiz birbaşa zəng edib “Bu məsələ ilə bağlı mövqeyiniz nədir?” deyə soruşa bilirlər və bu, çox vacib bir dəyişiklikdir. Bu, son dərəcə mühüm bir irəliləyişdir və bunun konkret nəticələr verəcəyinə əminəm. Bundan əlavə, tərəflər hansı çətinliklərlə üzləşdiklərini, hansı problemlərin mövcud olduğunu, hansı məsələlərin əlavə izah tələb etdiyini və baxış bucaqlarının hansı mövzularda fərqləndiyini qarşılıqlı şəkildə daha yaxşı anlayırlar. Bunu olduqca vacib bir nailiyyət kimi gördüyümü açıq şəkildə ifadə etməliyəm”, - N.Paşinyan qeyd edib.