Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır - Volkan Bozkır (FOTO) (ÖZƏL MÜSAHİBƏ)

Qlobal Bakı Forumu həmişə görkəmli siyasətçiləri, biznes nümayəndələrini və parlamentariləri bir araya gətirir və bu il forumun keçirilməsi dünya tarixinin xüsusilə mühüm mərhələlərinə təsadüf edir.

Bunu Trend-ə özəl müsahibəsində BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti, Türkiyənin keçmiş Avropa İttifaqı işləri naziri Volkan Bozkır deyib.

"Forum on ildən artıqdır ki, Azərbaycan tərəfindən yaradılıb və ildən-ilə onun əhəmiyyəti artır, iştirakçıların sayı artır. Onun çərçivəsində dünyanın müxtəlif ölkələrində də digər görüşlər keçirilir: Nyu-Yorkda, Mərakeşdə, Cenevrədə, Portuqaliyada, Səudiyyə Ərəbistanında, Çində", - o bildirib.\

Volkan Bozkır vurğulayıb ki, forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əməkdaşlıq etmək istəyində olan bir çox beynəlxalq təşkilatlar tərəfindən böyük maraq doğurur.

"Qlobal Forum böyük iş görür və Azərbaycan üçün dəyərli sərvətdir. Bu gün bu cür tədbirlər geniş auditoriyaya çatdığına və fikir mübadiləsinə imkan verdiyinə görə mövqeyimizi dünya ictimaiyyətinə çatdırmağın ən təsirli yollarından biridir".

Forumun əhəmiyyətindən danışan Volkan Bozkır milli və beynəlxalq səviyyədə böyük təcrübəyə malik iştirakçıların öz fikirlərini ifadə etmək, müzakirə etmək və bəlkə də cari qlobal proseslərlə bağlı ortaq anlayışa gəlmək imkanına malik olduğunu vurğulayıb.

“Biz gözlənilən və gözlənilməyən çoxlu hadisələrin şahidi oluruq və bu forum bizə baş verənlərə kollektiv qiymət verməyə imkan verir”, o əlavə edib.

Volkan Bozkır həmçinin forumda keçiriləcək görüşlərin, panel müzakirələrinin və çıxışların günümüzün qlobal çağırışlarının daha dərindən dərk edilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Gallery