Azərbaycan nəinki inkişaf etmiş ölkəyə, həm də beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında ICESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri deyib.
O, forumda olmaqdan çox şad olduğunu və əvvəlki forumların hamısında iştirak etdiyini bildirib:
"27 il ICESCO-nun baş direktoru vəzifəsini icra etmişəm. Azərbaycana ilk dəfə 2006-cı ildə gəlmişəm. O vaxtdan buraya gəlib-gedirəm. Burada dövlət rəsmiləri ilə görüşlərimiz olub.
Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun bir daha dünyada artan nüfuzundan xəbər verir. Azərbaycan nəinki inkişaf etmiş ölkəyə, həm də beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Burada olmağımla həmişə fəxr edirəm və xoşbəxtəm".
"Bu forum əvvəlki forumların davamı olaraq dünyanın müxtəlif yerlərindən gələn mütəfəkkirlər arasında dialoqların qurulmasında mühüm rola malikdir. Bu forum ətraf mühit, iqlim dəyişikliyi, kənd təsərrüfatı, sənaye, texnologiya və həmçinin, insanların ölümünə səbəb olan və bir çox yerlərdə gedən dağıdıcı müharibələri həll etmək üçün ideal fürsət təqdim edir", - deyə sabiq baş direktor vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.