Qlobal qeyri-sabitlik fonunda Qlobal Bakı Forumu getdikcə daha çox diqqət cəlb edir.
Trend xəbər verir ki, bunu bu gün 12-ci Qlobal Bakı Forumu çərçivəsində Finlandiyanın keçmiş prezidenti Tarya Halonen bildirib.
“Bu foruma uzun illərdir ki, çoxsaylı iştirakçılar toplaşır. Bu səfər, mənə elə gəlir, say baxımından rekord olub. İnsanların daha aktiv olduğunu düşünürəm, belə ki, qlobal vəziyyəti əvvəlki kimi öncədən proqnozlaşdırmaq olmur. Ona görə biz, əvvəllər olduğu kimi, bu dialoqa dəstək olmağa və belə görüşləri davam etdirməyə can atırıq”, - deyə Halonen vurğulayıb.
O həmçinin, Finlandiyanın bütün ölkələrlə xoş münasibətlərdə olduğunu, əməkdaşlığa can atdığını və BMT-nin fəal üzvlərindən olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.