Ölkələrimiz arasında etibarın möhkəmlənməsi istiqamətində irəliləmək vacibdir - Şarl Mişel

Ölkələrimiz arasında etibarın möhkəmlənməsi istiqamətində irəliləmək vacibdir.

Trend xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada Avropa İttifaqının fəxri prezidenti, 2014-2019-cu illərdə Belçikada baş nazir olmuş Şarl Mişel bildirib.

“Qarşılıqlı etibar və güvənliyə can atmaq vacibdir. Bu gün biz ciddi çağırışlarla üz-üzə qalmışıq – iqlim dəyişikliyi, bərabərsizlik səviyyəsinin artması, müharibə və münaqişələr. Biz həmçinin çoxtərəfli əməkdaşlıq prinsipləri və normalarının təzyiqlərə məruz qaldığının şahidi oluruq”,- deyə o bildirib.

Onun sözlərinə görə, bir-birini eşitmək, dialoq qurmaq və qərarların birgə qəbulu və prioritetlərin müəyyən edilməsinin ən yaxşı yollarını tapmaq imkanından yararlanmaq vacibdir.

“Bizim hər birimizin tarixi, mədəni özəllikləri və adət-ənənələri var, amma mən əminəm ki, beynəlxalq münasibətlər doğru seçim etmək üçün müdriklik, böyük siyasi iradə və yəqin ki, böyük cəsarət tələb edir”, - deyə Şarl Mişel bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.