Qlobal Bakı Forumu hər il daha uğurlu olur - Mövlud Çavuşoğlu

Qlobal Bakı Forumu, həqiqətən də, hər il daha uğurlu olur, iştirakçıların sayı getdikcə artır. Builki proqram da dünyanın həqiqətlərini, problemlərini, böhranlarını ehtiva edir. Mövzu başlıqları bu günün problemlərini işarə edir.

Trend xəbər verir ki, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xll Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Sabiq XİN başçısı bildirib ki, forumda fərqli qitələrdən, dünyanın hər yerindən çox sayda iştirakçı, çıxışçı var.

“Mən də onlardan biriyəm. Azərbaycan dəvət edirsə, hara olsa, mövzu nə olsa, gəlmək bizim borcumuz, vəzifəmizdir.

Antalyada da Diplomatik Forum keçirilir. Bu il dördüncüsü keçiriləcək. Hər il daha uğurlu, təsirli bir forum halına gəlib. Bu iki forum arasında əməkdaşlığı gücləndirmək istəyirik. Bu məsələni Azərbaycan nümayəndələri ilə müzakirə etmişik. Foruma uğurlar diləyirəm”, - deyə M.Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.