Bakıda XII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilir

Bakıda 13-15 mart tarixlərində keçiriləcək XII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilir.

Trend xəbər verir ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin bildirib ki, 12-ci Bakı Qlobal Forumu açıq və məzmunlu müzakirələr üçün aparıcı dünya liderlərini, beynəlxalq təşkilat nümayəndələrini və alimləri bir araya gətirən əlamətdar hadisə olmağı vəd edir.

“Forum təxminən 400 iştirakçını bir araya gətirir ki, onların arasında azı 50 hazırkı və ya keçmiş prezidentlər və baş nazirlər, o cümlədən, BMT agentliklərinin rəhbərləri və akademik dairələrin aparıcı nümayəndələri yer alır”, - deyə o bildirib.

Onun sözlərinə görə, təcrübə toplamaq və analitik qənaətlərə gəlmək üçün müzakirələrin açıq, səmimi və hədəfli olması vacibdir.

İsmayıl Serageldin qeyd edib ki, builki forum xüsusi önəm daşıyacaq, belə ki, dünya irimiqyaslı dəyişikliklərlə üz-üzə qalıb.

“Dünyanın yeni düzəni necə olacaq? Sülh və inkişafın perspektivləri necədir? Məhz bu suallar müzakirələrdə mərkəzi yer tutacaq və o cür nüfuzlu şəxsiyyətlərin tədbirdə iştirakı ona xüsusi dəyər qatmış olur”, - deyə o bildirib.

İsmayıl Serageldin bildirib ki, tez-tez dəyişən beynəlxalq situasiya qarşıdakı müzakirələrə əlavə əhəmiyyət verir.

“Forum imkanlar və çağırışlar yaradan, onların həllini tələb edən yeni ittifaqların perspektivlərini nəzərdən keçirmək üçün unikal imkan təklif edir. Bu, son illərin ən maraqlı və məzmunlu tədbirlərdən biri olacaq”, -deyə o əlavə edib.

Qeyd edək ki, forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzənininin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” devizi altında keçiriləcək.

Tədbirdə geosiyasi dəyişikliklər, çoxtərəflilik, qlobal səhiyyə böhranı, dünyanın bərpası və regional sabitlik, COP29 və digər əsas qlobal problemlər müzakirə olunacaq.

Forumda 60-dan çox ölkədən 300-dən çox dünya lideri, o cümlədən 25-dən çox keçmiş prezident, 15-dən çox keçmiş baş nazir, 10-a yaxın BMT və beynəlxalq qurumların rəhbəri, 25-dən çox keçmiş nazir və nazir müavinləri iştirak edəcək.

Xəbər yenilənəcək