Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Baş nazir İrakli Kobaxidze, dost və qonşu ölkələrimiz arasında təmasların, qarşılıqlı səfərlərin mütəmadi hal almasından məmnunluğunu bildirib. Baş nazir son bir il ərzində Azərbaycana üç səfər etdiyini xatırladıb və bu səfərlərlə bağlı müsbət təəssüratlarını bölüşüb.
O, Milli Məclis sədrinin bu səfərinin də ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd edilərək, bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığı və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər xalqlarımızın əsrlər boyu davam edən dostluq əlaqələrinə söykənir. Xalqlarımız həmişə mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar və bu ənənələr bu gün də davam edir.
Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Gürcüstanın Baş nazirinə çatdırıb.
Gürcüstanın Baş naziri səmimi fikirlərinə və salamlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib. O, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafının bir çox ölkələr üçün nümunə olduğunu söyləyib.
Söhbət zamanı qeyd olunub ki, ölkələrimiz arasında nümunəvi siyasi əlaqələr bütün digər sahələrdə, o cümlədən iqtisadi sferada uğurlu münasibətlərin təmin olunmasını şərtləndirib. Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə də imkan yaradıb ki, bu gün bu layihələr nəinki Cənubi Qafqazda, o cümlədən daha geniş regionda mühüm amilə çevrilib. Həmçinin mədəni-humanitar sahədə də həyata keçirilən əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Spiker Sahibə Qafarova ölkələrimizin qanunverici orqanları arasında mövcud olan geniş əməkdaşlıq münasibətləri barədə Baş nazirə məlumat verərək deyib ki, bu, onun Milli Məclisin sədri kimi bu ölkəyə ikinci rəsmi səfəridir. Eyni zamanda, Gürcüstan parlamentinin sədri də Azərbaycana iki səfər edib. Bununla yanaşı, dostluq qruplarının üzvləri tərəfindən də qarşılıqlı səfərlər həyata keçirilir.
Həmçinin parlamentlərimiz ikitərəfli formatla yanaşı, üçtərəfli formatda da əməkdaşlıq edirlər. O, beynəlxalq təşkilatlarda da əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı parlamentlərimiz arasında imzalanan əməkdaşlıq haqqında memorandumun önəmi bir daha vurğulanıb və sənəd yeni yol xəritəsi kimi qitmətləndirilib.
Görüşdə regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, regionun gələcək inkişafı üçün daimi sülh və sabitliyin təmin olunması vacibdir. Tərəflər həmçinin ikili standartların, ölkələrə qarşı təzyiq cəhdlərinin, ədalətsiz və qərəzli yanaşmaların yolverilməzliyini ifadə ediblər.