Səfir: Qazaxıstanla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Qazaxıstanla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

“Report”un məlumatına görə, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “The Astana Times” nəşrinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Qazaxıstan və Azərbaycan strateji tərəfdaş və müttəfiqdir.

"Ortaq etnik köklərimiz, dinimiz, oxşar mədəni dəyərlərimiz, Xəzərdəki coğrafi yaxınlığımız və ümumi tariximiz xalqlarımızı yaxınlaşdıran mühüm amillərdir. Əsrlər boyu formalaşan bu əlaqələr ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün möhkəm təməl yaradıb", - o vurğulayıb.

A.Atamoğlanov ikitərəfli əməkdaşlıqla yanaşı, türk dünyası çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini də qeyd edib.

"Türk dünyası 200 milyondan çox əhalisi olan geniş coğrafi ərazini əhatə edir və böyük iqtisadi potensiala, zəngin enerji resurslarına və strateji əhəmiyyətli nəqliyyat yollarına malikdir. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi və türk dünyasının birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir", - səfir bildirib.

O vurğulayıb ki, 2024-cü ildə Qazaxıstanın sədrlik etdiyi Türk Dövlətləri Təşkilatının rolu son dərəcə vacibdir.

"Hər iki ölkə üçün türk dünyası sadəcə mədəni layihə deyil, güclü iqtisadi və geosiyasi qüvvədir", - A.Atamoğlanov qeyd edib.

Diplomat qeyd edib ki, son illərdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq fəal şəkildə inkişaf edir, ticarətin həcmi isə artmaqdadır.

"TDT çərçivəsində ümumi məqsədlərimizə çatmağa kömək edən bir sıra əsas sənədlər və fəaliyyət planları qəbul edilib. Bir sözlə, təşkilat öz aktuallığını sübut edib və türk dünyasını yeni geosiyasi reallıq kimi formalaşdırmağa başlayıb", - səfir bildirib.

Onun sözlərinə görə, bu proses gələcəyə aydın baxışı ilə seçilir: "Türk İnvestisiya Fondunun yaradılması və ümumi əlifbaya keçid əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş strateji təşəbbüslər kimi nəzərdən keçirilir".