Türkmanlar işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər - Ülviyyə Qarayeva

Bu ay – martın 18-də Agentliyin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva deyib.

O qeyd edib ki, bu forumda İraq, Suriya və Türkiyədə yaşayan türkmanlar iştirak edəcək.

"Forumdan öncə qonaqlar işğaldan azad edilmiş ərazilərə - Şuşaya, Xankəndiyə, Xocalıya, Məhəmməd Füzulinin şərəfinə adı verilmiş Füzuliyə səfər edəcəklər. Bu, tarixi forum olacaq. Aprel ayında isə Azərbaycan QHT tarixində ən böyük tədbir keçiriləcək – Qlobal Cənub QHT Platformasının Bakıda təsis yığıncağı olacaq. Bu forumda 100-ə yaxın ölkədən xarici QHT təmsilçilərinin iştirakı planlaşdırılır. May ayında isə səhiyyə profilli QHT-lərin Forumuna hazırlaşırıq. Bu mühüm tədbirlərin hər biri ilk dəfədir. Bundan başqa, il ərzində mübadilə proqramlarımız, Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu və digər çoxsaylı tədbirlərimiz, QHT-lərlə bağlı qanunvericiliyə mühüm dəyişikliklərlə əlaqədar təkliflərimiz olacaq", - deyə Ü. Qarayeva qeyd edib.