PKK terrorçuları və bu qanlı təşkilata bağlı bütün qruplar özlərini ləğv etdiklərini bəyan etməli, dərhal və qeyd-şərtsiz silahlarını yerə qoymalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 6-da Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın müvafiq çağırışını xatırladaraq bildiriblər.
“Fevralın 27-də səslənən terror təşkilatının özünü ləğv etməsi və tərksilah olunması çağırışı diqqətəlayiqdir. Gec olsa da, terrorçular anladılar ki, terror fəaliyyəti onları istədikləri məqsədə çatdırmayacaq və yeganə çıxış yolu özünü buraxmalıdır”, -deyə nazirlik qeyd edib.
Eyni zamanda, Ankara terrorçuların hansısa atəşkəslə bağlı bəyanatlarını təxribat cəhdi adlandırıb. “Türkiyə düşünülmüş mövqedən çıxış etməyə davam edəcək, təxribata və prosesdə gecikmələrə yol verməyəcək”, -deyən Türkiyə Müdafiə Nazirliyindəki mənbələr qazilərə minnətdarlıq edərək, həmçinin terrorla mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.