“Qarabağın dirçəlişi: Azərbaycanın intibah hekayəsi” mövzusunda görüş keçirilib

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvlərinin iştirakı ilə Qarabağın bərpası və yenidən qurulmasına, eyni zamanda, ianəçiliyin təşviq olunmasına həsr olunan işgüzar görüş keçirilib.

Qarabağ dirçəliş Fondundan (QDF) AZƏRTAC-a bildirilib ki, görüşdə “AmCham Azərbaycan”ın əməliyyatlar üzrə direktoru Zaur Kərimov çıxış edərək təmsil etdiyi təşkilatın həyata keçirdiyi yeni layihələrlə bağlı məlumat verib.

“AmCham Azərbaycan”ın prezidenti Dəyanət Sədullayev çıxış edərək tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq əlaqələri barədə danışıb. O, QDF-nin işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirərək, gələcək layihələrin icrasında daha fəal iştirak etmək niyyətində olduqlarını qeyd edib. Bu əməkdaşlıq sayəsində üzvlərin bərpa layihələri və proseslərlə yerində tanış olma imkanının yarandığını deyən Dəyanət Sədullayev bunun çox gözəl fürsət olduğunu vurğulayıb.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın dirçəlişi: Azərbaycanın intibah hekayəsi” mövzusunda təqdimatla geniş çıxış edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin yaratdığı yeni imkanlardan danışan R.Hacıyev azad edilmiş ərazilərdə sürətlə aparılan bərpa və yenidənqurma, əhalinin Böyük Qayıdış çərçivəsində köçürülməsi və məşğulluğun təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edib.

O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi müxtəlif qurumları “Qarabağın dirçəlişi” ideyası ətrafında sıx birləşdirməyə, eyni zamanda, cəmiyyətdə ianəçilik mədəniyyətini təşviq etməklə mənəvi və milli dəyərlərə sadiqliyini artırmağa töhfəsini verir. Bu istiqamətdə “AmCham Azərbaycan”ın üzvləri ilə birgə layihələrin həyata keçirilməsi üçün də yaxşı imkanlar mövcuddur.

Dövlət və özəl qurumlar arasındakı tərəfdaşlığın gücləndirilməsinin, xeyriyyəçiliyin təşviqinin vacibliyindən danışan İdarə Heyətinin sədri yerli və xarici investorları Qarabağın bərpasına töhfə verməyə çağırıb.

Sonra QDF-nin donor dəstəyi ilə icra edilən layihələr təqdim edilib, əməkdaşlıq imkanları müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevə “AmCham Azərbaycan” tərəfindən xüsusi təşəkkür mükafatı təqdim edilib.

Qeyd edək ki, tədbirdə işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” adlı fotosərgi də nümayiş olunub.

Gallery