Böyük Britaniya parlamentinin üzvü Bob Blackman Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Bob Blackman AZƏRTAC-ın London müxbirinə verdiyi açıqlamada Azərbaycanla Britaniya arasında dostluq əlaqələrinin daim yüksək şəkildə davam etdiyini deyib: “Böyük Britaniyada hakimiyyətdə kim olursa-olsun, Azərbaycanla dostluq əlaqələri daim davam edir. Azərbaycanda COP29-un keçirilməsi və orada Böyük Britaniyanın geniş nümayəndə heyətinin iştirakı göstərdi ki, biz bu münasibətləri möhkəmləndirməkdə ciddi addımlar atırıq”.
O, Böyük Britaniya Baş nazirinin ilk dəfə Azərbaycana səfər etməsini də xüsusi vurğulayıb: “Bu, mühüm hadisədir. Belə yüksəksəviyyəli səfərləri və qarşılıqlı münasibətləri daha da təşviq etməliyik”.
Bob Blackman əlavə edib ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı da böyük əhəmiyyət daşıyır və bu istiqamətdə səylər davam etdirilməlidir.