Kreml AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı şərh etməkdən imtina edib

Rəsmi Kreml “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer-190” sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatını şərh etmir.

Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu ilkin hesabatdır. Təbii ki, bizim aidiyyatı idarələrimiz bunu böyük diqqətlə, lazımi diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuya münasibət bildirməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik", - o bildirib.

Qeyd edək ki, ötən gün Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.

Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.

Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.