Mayk Doran: Görünür, Donald Tramp və İlon Mask USAID-lə bağlı Azərbaycanla eyni fikirdədir

“Bu təşkilat bir çox ölkələrin, o cümlədən öz ölkəmizin daxili siyasətinə çox açıq şəkildə müdaxilə edir”

 

“Görünür, Donald Tramp və İlon Mask USAID-lə bağlı Azərbaycanla eyni fikirdədir və bununla bağlı həll edilməsinə ehtiyac duyulan real problemlərin olduğunu qəbul edirlər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Hudson” İnstitutunun aparıcı eksperti Mayk Doran deyib. O bildirib ki, USAID artıq Amerikanın xarici siyasətinin bir qolu olmaqdan çıxıb və qlobal proqressiv hərəkatın alətinə çevrilib. “Hesab edirəm ki, bu təşkilat həqiqətən də bir çox ölkələrin, o cümlədən öz ölkəmizin daxili siyasətinə çox açıq şəkildə müdaxilə edir”, - deyə amerikalı ekspert əlavə edib.

Konqresin Demokratlar Partiyasından olan təmsilçilərinin ABŞ Prezidenti Donald Trampın USAID-i bağlamağa səlahiyyətlərinin çatmadığı ilə bağlı fikirlərini şərh edən Mayk Doran bu baxımdan məsələ ətrafında böyük mübarizənin gedəcəyinin gözlənildiyini deyib.

“USAID qanunla yaradılmış bir təşkilatdır. Deməli, bunu yalnız prezidentin imzası ilə aradan qaldırmaq mümkün olmayacaq. Beləliklə, böyük mübarizə gedəcək. Bunun necə nəticələnəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hesab edirəm ki, örtük götürülüb və biz hamımız indi USAID-i görürük və bilirik ki, ən azından onun həqiqətən də islahatlara ehtiyacı var”.