AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH

Rusiya mediasında mərkəzi hakimiyyət dairələrinin sifarişi əsasında AZAL-a məxsus təyyarənin vurulması faktı ilə bağlı reallığa uyğun olmayan informasiyaların yayımlanması, qarayaxma, böhtan xarakterli şərhlərin verilməsi və əsassız ittihamların səsləndirilməsi hüquqa, humanizm və siyasi əxlaq prinsiplərinə, Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətinə ziddir və təəssüf ki, həm də qarşılıqlı münasibətlərin inkişaf perspektivini şübhə altına alır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili xatırladıb ki, AZAL-a məxsus təyyarənin vurulması çoxsaylı günahsız insanın ölümünə səbəb olub:

“Bu baxımdan, tamamilə fərqli reallıqlar çərçivəsində baş verən hadisələr arasında uğursuz paralellər aparmaq, məsuliyyətdən yayınmaq üçün atılan ikrah doğurucu addımlardan başqa bir şey deyil. Təyyarənin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan bir faktdır. Belə məqamlarda beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, humanizm dəyərlərinə azacıq da olsa, hörmət bəsləyən ölkələr bir qayda olaraq baş verən hadisəyə görə rəsmi qaydada üzr istəyir, təzminat ödəyir, günahkarların cəzalandırılması istiqamətində təxirəsalınmaz və şəffaf addımlar atırlar”.

Azər Kərimli bildirib ki, Rusiyanın siyasi dairələri beynəlxalq hüquq, humanizm prinsiplərinin başqaları tərəfindən pozulmasından şikayətlənir:

“Rusiya siyasi dairələri mövcud reallıqlarla barışmadıqlarını və daha ədalətli olduqlarını görüntüləmək üçün söz yarışına çıxırlar. Əgər həqiqətən də, Rusiya dünyada ədalət, hüquq, humanizm prinsiplərinin bərqərar olmasında maraqlıdırsa, özünün digərləri ilə müqayisədə daha ədalətli, obyektiv olduğunu düşünürsə, buyursun, hər hansı bir müharibə və münaqişə şəraitində deyil, sülh şəraitində kimlərinsə günahı ucbatından həyatını itirən günahsız insanların ölümünə obyektiv münasibət göstərsin. Dəyərlər özünü sözdə deyil, əməldə büruzə verməlidir”.

Milli Məclisin deputatı Səbinə Salmanova isə Trend-ə açıqlamasında Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq haqlı tələblərini irəli sürür:

“Azərbaycanın AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasından bir müddət sonra 2020-ci ilin noyabrında Rusiya helikopterinin vurulması ilə bağlı hadisə də gündəmə gətirilib. Bu hadisə ilə AZAL təyyarəsinin vurulması arasında Rusiya mətbuatında paralellər aparılıb. Əslində, iki hadisənin bir-biri ilə əlaqələndirilməsi Azərbaycanı daha da təzyiq altına almağa yönələn bir cəhddir. Lakin bu yanaşma Rusiya tərəfinin öz maraqları çərçivəsində bir təzyiq vasitəsi olaraq istifadə etdiyi bir taktika idi. Həqiqət isə bundan fərqlidir. Bu iki hadisə yalnız hərbi və diplomatik münasibətlər baxımından deyil, həm də media vasitəsilə aparılan qarayaxma kampaniyaları ilə də öz təsirini göstərib”.

Millət vəkili vurğulayıb ki, Rusiya Prezident Administrasiyasının yerli mediaya verdiyi komanda əsasında başlanan qarayaxma kampaniyası Azərbaycanın beynəlxalq imicinə zərər vurmağa yönələn strateji addımdır:

“AZAl təyyarəsinin vurulmasının təfərrüatı və bunun səbəbləri hələ də bir çox suallar doğurur. Bu hadisə beynəlxalq hüquq və sülh mühitinə böyük təsir göstərib, təyyarə vurulandan sonra Azərbaycan tərəfindən Rusiya və beynəlxalq təşkilatlara qarşı haqlı tələblər irəli sürülüb. Rusiya Prezident Administrasiyasının yerli mediaya verdiyi komanda əsasında başlayan qarayaxma kampaniyası Azərbaycan tərəfinin haqlı tələblərinin üstünü örtmək və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini zəiflətmək məqsədi güdür. Bu kampaniya hər iki ölkə arasındakı gərgin diplomatik münasibətlərin daha da dərinləşməsinə səbəb olub.

Rusiya və Ermənistanın Qarabağda 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı zamanı rusiyalı sülhməramlıların həlak olmasına verdiyi reaksiya Azərbaycan tərəfinin vəziyyətə aydınlıq gətirmək və doğru məlumatları yaymaq istəyi ilə ziddiyyət təşkil edirdi. Azərbaycanın haqqı olan müdafiə siyasəti və əməliyyatın qanuni olaraq həyata keçirilməsi bu ittihamların əsassız olduğunu bir daha göstərdi”.

Deputat bildirib ki, Azərbaycan haqlı tələblərini davamlı şəkildə irəli sürür.

“Bu tələblər arasında ən əsas olanı AZAL təyyarəsinin vurulmasına görə üzr istənilməsi, kompensasiya ödənilməsi və günahkarların cəzalandırılmasıdır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində, həm də ədalətin təmini məqsədilə bu tələblərin yerinə yetirilməsini tələb edir. Bu, yalnız hüquqi baxımdan deyil, həm də Azərbaycanın milli maraqlarının qorunması baxımından əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan beynəlxalq diplomatik vasitələrdən istifadə edərək, öz mövqeyini və haqlı tələblərini daha geniş bir arenada səsləndirməyə davam edəcək”.