Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının ilk iki ili onun fəaliyyət məqsədinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitliyini pozmaq olduğunu göstərdi.
Bu fikri AZƏRTAC-la rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə mütəxəssis, təhlükəsizlik məsələlərinə dair ekspert Yevgeni Mixaylov Aİ-nin Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını şərh edərkən bildirib.
Agentliyin həmsöhbəti qeyd edib: “Aİ-nin Ermənistan ərazisində kəşfiyyatçılardan ibarət missiyasını genişləndirməsi məni heç də təəccübləndirmir. Qeyd etmək istərdim ki, hazırda Cənubi Qafqazda sabitliyə əsas təhlükə və böyük ehtimalla, İrəvanın regionda qalan yeganə müttəfiqi Aİ-dir. Bu, xüsusilə Donald Trampın Vaşinqtonda hakimiyyətə gəlməsindən sonra ABŞ ilə Aİ arasında münasibətlərin soyuması fonunda nəzərə çarpır. Şübhə yoxdur ki, amerikalılar bölgəni tərk etməyəcək, amma yəqin ki, Ermənistan rejiminə dəstəyi azaldacaqlar. Üstəlik, bu, artıq USAİD-in erməni demokratiyasının inkişafına kömək göstərməsinə qadağa qoyması fonunda baş verib”.
Onun sözlərinə görə, Aİ-nin öz missiyasının müddətini uzatmaq qərarı hazırkı məqamda Qərbin Cənubi Qafqazda forpostuna çevrilmiş İrəvana ümid vermək məqsədi də daşıyır. Y.Mixaylov əlavə edib: “Paşinyan açıq şəkildə dəyişikliklərdən qorxur. Xüsusən Trampın Ukraynaya dəstəyin azaldılması ilə bağlı sözlərini və Bayden komandasının Kiyev rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləməsindən narazılığını nəzərə alsaq, bunu söyləmək mümkündür. Necə ki, ukraynalılar Rusiya ilə müharibədə demokratlar üçün “material” idilərsə, ermənilər də indi Aİ-dən ötrü eyni “material” kimidır, onlar da “xərclənəcək”, amma bu, sonradan – Putin və Tramp arasında danışıqlardan sonra baş verəcək. Ermənistanı Aİ-yə qəbul etmək və bunun fonunda bu ölkədəki missiyanı genişləndirmək vədləri Bayden komandasının və onun avropalı tərəfdaşlarının əvvəllər Kiyevə verdiyi “kökələr” və təhlükəsizlik zəmanətləri vədləridir. Bütün bunların nəticələrini hamımız görürük - iqtisadiyyatda fəlakət və dövlətçiliyi itirmək təhlükəsi. Ermənistanın ağlı başına gəlməsə, Aİ və NATO ilə əməkdaşlığı genişləndirmək əvəzinə Bakı ilə barışmasa, məhz bu cür ola bilər”.
Ekspert Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin ilk ikiillik fəaliyyətini də şərh edib. O qeyd edib: “Aİ-nin Ermənistandakı missiyasının ilk iki ilinin nəticələri aşkar olanı təsdiqləyir: o, vəziyyətin sabitliyini pozmaq üçün hərəkət edir və Ermənistan hərbçilərinin Azərbaycana qarşı təxribatları faktlarını gizlətməyə yönəlib. Eyni zamanda, Aİ missiyasının müşavirləri İrəvanı Moskva ilə çoxəsrlik münasibətləri korlayaraq müqavilələri pozmağa inandırmaq üçün bütün səyləri göstərirlər. Bunlar bəlkə də missiyanın fəaliyyətinin əsas nəticələridir. Üstəlik, onun fəsadlarının artacağı gözlənilir ki, bu da regionu gələcəkdə sabitliyin pozulması üzrə yeni cəhdlərlə təhdid edir”.
Aİ və İrəvan rəsmilərinin bu missiyanın bir növ “regionda təhlükəsizliyin komponenti” olduğuna dair təminatlarına gəlincə, rusiyalı politoloqun fikrincə, bu fikirlər kifayət qədər gülünc səslənir. “Moskva və Bakı hesab edir ki, bunlar İran və Türkiyəni izləyən casuslardır, hələ Rusiya və Azərbaycanı demirəm. Dəyişən dünya nizamı fonunda yalnız uzaqgörən siyasətçilər Aİ və NATO-nun sülh və əmin-amanlığın təminatçısı olduğunu iddia edə bilərlər. Əksinə, Tramp komandasının rəhbərliyi altında ABŞ-ın diqqətini tədricən Sakit okean regionuna yönəldəcəyi və Aİ ilə siyasi-iqtisadi münaqişəyə girəcəyi təqdirdə NATO-nun baxış və idarəetmə nöqteyi-nəzərindən Aİ-nin öz siyasətini tətbiq etməyə çalışa biləcəyi elə də çox imkanı olmayacaq. Beləliklə, yaxın gələcəkdə biz Cənubi Qafqazda, xüsusən də Ermənistanda nüfuzunu qoruyub saxlamaq cəhdində Aİ və NATO-nun süqutunu müşahidə edə biləcəyik. Həm də bu süqut daha bir neçə il, sivilizasiyalı Avropa adlanan yerdə iqtisadi çöküş və sosial sarsıntı nəticəsində Aİ və NATO-nun potensial dağılmasına qədər davam edə bilər. Amma düşünürəm ki, biz bunları gözləyərək müşahidə edəcəyik...”, - deyə ekspert sözlərini yekunlaşdırıb.