Azərbaycan İordaniya ilə əməkdaşlığın hərtərəfli inkişafında, o cümlədən ticarət dövriyyəsinin artırılmasında və yeni birgə investisiya layihələrinin həyata keçirilməsində maraqlıdır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov yerli "Al Rai" nəşrinə müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycan və İordaniya arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır: “Beynəlxalq və regional platformalar çərçivəsində sıx əməkdaşlıq qurulub”.
Onun sözlərinə görə, ölkələr ikitərəfli münasibətlərin daha da inkişafı və möhkəmləndirilməsi üçün səy göstərirlər. Diplomat, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq İordaniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsində qəti mövqeyini yüksək qiymətləndirib.
E.Səlimov ötən ilin noyabrında Bakıda keçirilən COP29-da İordaniya şahzadəsi II Abdullah ibn Al Hüseynin iştirakının əhəmiyyətini qeyd edib.
O vurğulayıb ki, konfrans çərçivəsində şahzadə Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar danışıqlar aparıb və İordaniyanın bir çox ölkənin dəstəyini qazanan iqlim təşəbbüsünü elan edib.
Diplomatın sözlərinə görə, İordaniya-Azərbaycan Mədəniyyət Assosiasiyası əlaqələrin hərtərəfli inkişafı və möhkəmləndirilməsində mühüm rol oynayır.
E.Səlimov xatırladıb ki, Azərbaycanın dəstəyi ilə İordaniya Universitetində sağlamlıq imkanları məhdud tələbələr üçün kompüter laboratoriyası açılıb. Layihə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən həyata keçirilib. Laboratoriya bütün zəruri avadanlıq və texniki vasitələrlə təchiz edilib. Bunun sayəsində tələbələr müasir təhsil alətləri və resurslarına çıxış əldə ediblər. Bu da onların potensialının inkişafına və cəmiyyətə tez inteqrasiyasına kömək edir.