Alparslan Türkeşin qızı: Türkiyə və Azərbaycan türk dünyasında əlaqələrin möhkəmlənməsində lokomotiv rolunu oynayır

Türkiyə və Azərbaycan türk dünyasında əlaqələrin möhkəmlənməsində lokomotiv rolunu oynayır.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyə parlamentində Adana şəhərini təmsil edən İYİ Partiyadan olan millət vəkili Ayyüce Türkeş Taş Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan üçtərəfli görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, türk dövlətləri arasında yüksək səviyyəli görüşlərin intensivləşməsi onları daha da yaxınlaşdırır:

"Türk Dövlətləri Təşkilatının (TDT) 34 hərfdən ibarət ortaq türk əlifbası ilə bağlı razılıq əldə etməsi böyük irəliləyişdir. Ticarət, təhsil, hüquq, diplomatiya və digər sahələrdə də birgə mühüm fəaliyyətlərə start verilib. Bu məsələlərin daha yüksək səvyyələrdə gündəmə gəlməsi isə çox ciddi addımların atıldığını sübut edir. Artıq xəyallarımızdakı türk dünyası gerçəyə çevrilir. Biz bütün bunları dəstəkləyir və uğurların davamını gözləyirik”.

Ayyüce Türkeş Taş xatırladıb ki, mərhum atası - Milliyyətçi Hərəkat Partiyasının təsisçisi və sədri, Baş nazirin keçmiş müavini Alparslan Türkeş də Türkiyə ilə Azərbaycanın türk dünyasında əlaqələrin möhkəmlənməsində mühüm fəaliyyətləri olduğunu söyləyib:

“Atam “Türkyənin xaricində də türklər var, onların da qayğısına qalmalıyıq” deyib yola çıxdı. Xüsusilə Azərbaycanla sıx əlaqələr qurdu. 50 il keçdikdən sonra Türkiyə xaricindəki türk dövlətlərinin müstəqilliklərinə şahid oldu. Ona görə də bir milliyyətçi ailəsində doğulmağın qürurunu yaşayaraq atamdan öyrəndiklərimi böyük sevgi ilə türk dünyasına aşılayıram. İnanıram ki, türk dövlətlərinin birgə fəaliyyətləri daha da effektiv şəkildə inkişaf edəcək. Mən də bu istiqamətdə bacardığım dəstəyi verməyə hazıram”.

Qeyd edək ki, yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin də iştirakı ilə baş tutan görüşlərdə müxtəlif sahələr üzrə müvafiq sazişlər imzalanıb.