ABŞ prezidenti Donald Tramp inaqurasiyası zamanı etdiyi çıxışda həm müttəfiq, həm də rəqib dövlətlərə münasibətdə səsləndirdiyi “Öncə Amerika” prinsipini eyni sərtliklə nümayiş etdirməkdədir. Prezident Trampın Davos İqtisadi Forumunda onlayn formatda etdiyi çıxışda da bu yanaşmanı beynəlxalq auditoriya üçün də təkrarlaması xarici siyasət sahəsində onun edəcəyi ciddi dəyişikliklərdən xəbər verir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
Millət vəkili xatırladıb ki, Donald Tramp artıq xarici ölkələrə ABŞ-nin göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dair sərəncam imzalayıb:
“Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur (burada istisna yalnız iki dövlət, İsrail və Misirə münasibətdə edilib). Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-nin xarici yardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir. Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədə suallar həm də qəbul edən tərəflərdə yaranıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ötən həftə mətbuat konfransında deyib: “ABŞ-dən gələn pullar tez-tez digər ölkələrin suverenliyinə xələl gətirmək üçün proseslərin maliyyələşdirilməsinə istifadə olunurdu". Məlum oldu ki, Amerika pulları düzgün olmayan prosesləri maliyyələşdirmək üçün sərf olunurdu”.
Deputat bildirib ki, USAID Bayden-Blinken administrasiyası dönəmində Ermənistana (texniki) yardımları faktiki iki dəfə artıraraq 250 milyon dollara çatdırıb:
“Bu xərclər hətta Ermənistanın iqtisadi və ya sosial inkişafına yönəldilsə də, həmin yardımlar təcavüzkar keçmişi olan, revanşist meylli Ermənistana imkan verir ki, öz büdcəsində həmin sahələrə vəsait ayırmasın, qənaət etsin və bu vəsaiti hücumxarakterli silahlanmaya yönəltsin. Bu da göstərir ki, hətta humanitar xarakterli düşünülən yardımlar, reallıqda başqa məqsədlər üçün sui-istifadə olunur.
Diplomatiyada siyasi müdaxilə məqsədilə “yumşaq vasitə və ya alət” kimi istifadə edilən texniki yardım məsələsinə yenidən baxılması həm yeni Amerika administrasiyası tərəfindən, həm də qəbul edilən tərəfdən qaldırılırsa, deməli, islahat aparılası məqamlar çoxdur. Ermənistana edilən davamlı yardımlar aidiyyəti regiona münasibətdə sabitlik və sülhün əldə edilməsində çoxsaylı suallar və narahatlıq yaradırsa, deməli, həmin yardımların təyinatına və effektivliyinə yenidən baxılmalıdır.
Ermənistan hökuməti xarici siyasətdəki “yelləncək siyasəti” ilə həm Rusiyadan yararlanmağa çalışır, həm də Qərbin yanında olmaq istəyir. Ermənistanın etibarsız tərəfdaş, xarici və iqtisadi siyasətdə müstəqil, alıcılıq qabiliyyətinin çox aşağı olması onun ciddi və etibarlı tərəfdaş kimi qəbul edilməsini çətinləşdirir”.
R.Nəbiyev vurğulayıb ki, yeni ABŞ administrasiyasının Cənubi Qafqaz siyasətinin necə qurulacağı Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi dairələri düşündürür:
“Digər bir məqam isə Avropanın yeni təhlükəsizlik arxitekturasının gələcəyi və onun Cənubi Qafqaz regionuna təsiri ilə bağlı məsələlərdir. Hərbi büdcəsi 824 milyard dollardan çox olan ABŞ-nin yeni Prezident Administrasiyası NATO üzvü olan Avropa tərəfdaşlarından müdafiələrinin təşkili ilə bağlı xərclərini özlərinin təmin etməsi üçün hərbi xərclərini ÜDM-in 5 faiz həcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropa dövlətlərində bu xərc 2-3 % arasında dəyişir. Hərbi xərclərin artırılması NATO üzrə tərəfdaş kimi ABŞ-ni qane etsə də, Avropa İttifaqı üzvləri arasında rəqabət və qısqanclığı gücləndirir.
Rusiya-Ukrayna müharibəsinin dayandırılması və bu problemin hərtərəfli həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri Avropanın ümumi təhlükəsizlik axritekturasının gələcəyi, Rusiya və NATO dövlətləri arasında təhlükəsizlik zəmanəti ilə bağlıdır. Xüsusi ilə birinci məsələ kontekstində Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi ilə bağlı məsələlər də hansısa forma və mərhələdə müzakirə predmetində yer ala bilər.
Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşə hazırlıq istiqamətində regional və qlobal mövqelərini möhkəmləndirir. Kremldə İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması, Çinlə dövlət başçıları səviyyəsində onlayn formatda keçirilən görüşdə dostluq münasibətləri və çoxqütblü dünya düzəninin əhəmiyyətinin vurğulanması bunu təsdiq edir. Rusiya üçün prioritet məsələ ABŞ və Avropa dövlətləri ilə Ukraynaya dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çox siyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ABŞ ilə enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uzunmüddətli səmərəli əməkdaşlıqdan çıxış edərək münasibətlərə yeni məzmun verilməklə onu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlı olduğunu bəyan edib:
“Müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləri ilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qaz ehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyata keçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühüm rol oynadı. Azərbaycan öz qazını “Cənub qaz dəhlizi” vasitəsi ilə Avropaya, neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Aralıq dənizi limanı olan Ceyhana ixrac etməklə ABŞ-nin Avropada NATO üzvü olan müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına sabit töhfə verir. NATO üzvü olan dövlətlərin milli təhlükəsizliyinin təminində Azərbaycanın iştirakı isə həm də ölkəmizin dost və etibarlı tərəfdaş kimi beynəlxalq tərəfdaşlıqda mühüm rolunun və funksiyasının olduğunu təsdiqləyir.
Prezident İlham Əliyev Donald Trampa ünvanladığı təbrik məktubunda ənənəvi sahələrdə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın qətiyyətlə davam etdirilməsi ilə yanaşı, yeni əməkdaşlıq sahələri üzrə də sıx işləmək qətiyyəti və əməkdaşlığın yeni məzmun kəsb edəcəyinə inamını ifadə etdi. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində ABŞ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldımaq ismarıcını açıqlamışdı. Strateji tərəfdaşlıq isə əsasən təhlükəsizlik və hərbi-müdafiə sahələrində intensiv əməkdaşlığı ehtiva edir”.
Deputat əlavə edib ki, ABŞ-Azərbaycan münasibətlərində digər vacib komponent terrorizmlə mübarizədə birgə fəaliyyət və ABŞ hökumətinə hakimiyyətdə hansı partiyanın nümayəndəsinin olmasından asılı olmayaraq bu sahədə uzun illər məhdudiyyətsiz dəstəyin göstərilməsidir.
“Azərbaycan bu sahədə də özünü etibarlı tərəfdaş kimi doğruldub. Əfqanıstanda həyata keçirilən uzun müddətli birgə əməkdaşlıq və ABŞ-nin Əfqanıstana müxtəlif təyinatlı uçuşlarının həyata keçirilməsində Azərbaycanın verdiyi nəqliyyat-logistik yardım ikitərəfli münasibətlərdə etibarlılıq və qarşılıqlı dəstəyin olmasına çox yaxşı nümunədir. Hətta bu səylərin dəstəklənməsi və genişləndirilməsi niyyəti ilə “Azadlığı Dəstəkləmə Aktı”na 1992-ci ildə edilən ədalətsiz 907-ci düzəliş dayandırılıb. Amma keçmiş administrasiyanın Əfqanıstandan qaçmasından və Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra Bayden administrasiyası 2023-cü ildə 907-ci düzəlişin bərpasına qərar verib və Azərbaycana hərbi yardımların edilməsini dayandırıb”.
R.Nəbiyev Donald Trampın dünyada sülhün bərqərar olmasını prioritet elan etdiyini xatırladıb.
“Tramp administrasiyasının sülhməramlı missiyası üçün imkanlar var. Sülh müqaviləsinin əksər müddəaları üzrə razılıq əldə edildiyindən bu, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstruktiv addımlar atması və Azərbaycanın məlum obyektiv şərtlərini qəbul etməsi prosesini sürətləndirə bilər. Praqmatizmi qiymətləndirən yeni ABŞ administrasiyasının bu istiqamətdə Azərbaycanın sülh səylərini dəstəkləməsi və əldə ediləcək real nəticə Trampın başqa regionlardakı sülh missiyası üçün də uğurlu nümunə ola bilər”, - deyə deputat qeyd edib.