TDT-nin növbəti Zirvə görüşü Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbaycanda baş tutacaq.

Trend xəbər verir ki, bu barədə Türkiyə xariic işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.

H.Fidan bildirib ki, enerji böhranı, nizamsız miqrasiya kimi çağırışlarla qarşı-qarşıyayıq.

"Belə bir geosiyasi mühitdə Türk dünyası daxilində həmrəylik ehtiyacı getdikcə artır. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə mühüm rol oynayır. Keçən il ilk olaraq Şuşada, daha sonra Bişkekdə baş tutan Zirvə Görüşlərində mühüm qərarlar alındı. Bu ildə iki mühüm Zirvə görüşü keçiriləcək. Bunlardan biri Macarıstanda baş tutacaq qeyri-rəsmi Zirvə Görüşü, digəri isə Azərbaycanda keçiriləcək 12-ci rəsmi Zirvə Görüşüdür" - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.