Trampın açıqlamaları Avropanın qatı liberal ideologiyasına nöqtə qoyulduğunu göstərir – ŞƏRH

ABŞ Prezidentinin xüsusilə Qrenlandiya və Panama ilə bağlı aqressiv siyasəti beynəlxalq ictimaiyyəti düşündürür. Çünki ABŞ Arktika üzərindən xüsusi strategiya qurmaq, geosiyasi gərginliyin məhz Rusiya və Çin ilə qarşıdurma kontekstində Arktika üzərindən davam etdiriləcəyi mesajlarını verir. ABŞ Arktikada yerləşən dünyanın ən böyük adası olan Qrenlandiya üzərində suverenliyini yenidən əldə etmək istəyir ki, bu da Danimarka və Avropa İttifaqı ilə münasibətləri daha da gərginləşdirəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili bildirib ki, Trampın açıqlamaları Avropanın artıq qatı liberal, faşist ideologiyasına nöqtə qoyulduğunu göstərir:

“Xüsusilə də Demokratlar, beynəlxalq liberal güc mərkəzinin güvəndiyi Soros fondu və açıq cəmiyyət fondları, QHT-lər artıq öz siyasətinə yenidən baxmalı, ya da siyasi gündəmdən çıxıb funksional olmayan təşkilatlara çevrilməlidir. Artıq Trampın ilk imzaladığı sənədlər arasında USAID kimi destruktiv rol oynayan təşkilatın Amerika büdcəsindən müxtəlif ölkələr, təşkilatlara yardım ayırmasının dayandırılması diqqəti çəkir. USAID Cənubi Qafqazda da çox aktiv idi. USAID və Sorosdan maliyyələşən, ABŞ büdcəsindən subsidiya alan digər QHT-lər ölkələrdə xaos yaratmaq, rəngli inqlablar yaratmaq kimi təhlükəli siyasət yürüdürdülər”.

O vurğulayıb ki, Trampın ən mühüm addımlarından biri Rusiya-Ukrayna münaqişəsinə son qoymaq və daha çox anti-Çin siyasətinə köklənmək olacaq:

“Bir tərəfdən Rusiya ilə sülh müqaviləsinin imzalanmasının vacib olduğunu deyən Tramp, digər tərəfdən Rusiyanın Ukrayna ilə sülhə getməyəcəyi təqdirdə, daha çox iqtisadi sanksiyalar və neftin qiymətinin azaldılmasının baş verəcəyi ilə bağlı ultimatum verib. Avropa İttifaqı, OPEC-ə qarşı tələb qoyub ki, neftin qiyməti azaldılmalıdır ki, Rusiya-Ukrayna müharibəsi dayansın. Çünki Trampın fikirlərinə görə, məhz neftin, qazın satışından əldə etdiyi gəlirlərlə Rusiya bu müharibəni aparır. Trampın strategiyası ondan ibarətdir ki, Aİ Rusiyadan neft, qaz almağı dayandırsın və əvəzində ABŞ-dən LNG deyilən likvid təbii qaz alsın”.

Deputat açıqlamasında Trampın Kanada və Meksika ilə siyasətə yenidən baxacağı haqqında bəyanatlarını xatırladıb:

“Meksika körfəzi rəsmi şəkildə Amerika körfəzi adlandırıldı. Tramp administrasiyasının fikirlərinə görə, son zamanlar Panama kanalında Çin şirkətləri güclü gəlir əldə edir. Çinin dünya iqtisadiyyatının əsas arteriyalarından birinə nəzarət etməsi ABŞ üçün qəbuledilməzdir. Qrenlandiya isə sırf Rusiya və Çin üzərində hegemonluq, dominantlıq etmək strategiyasıdır.

Tramp Cənubi Qafqazla bağlı Azərbaycanın maraqları, Azərbaycanın yaratdığı reallıq nəzərə alınmaqla hərəkət edəcək. Çünki artıq Cənubi Qafqaz elə bir bölgədir, Azərbaycan burada elə bir güc mərkəzi yaradıb ki, situasiyaya başqa cür aqressiv şəkildə reaksiya vermək, təsir etmək mümkün deyildir. Yalnız Azərbaycanla əməkdaşlıq və dialoq qurulması və ABŞ ilə Azərbaycan arasında normal münasibətlərin olacağını gözləyirəm”.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasında bildirib ki, Donald Tramp özünü bundan əvvəlki prezidentlik dövründə maraqlı, fərqli və gözlənilməz gedişlər edən siyasətçi kimi göstərib:

“Tramp onsuz da seçkiöncəsi marafon dövründə də Avropa üçün gözlənilməz gedişlərin olacağını demişdi. Ümumdünya Səhiyyə Təşkilatı, Paris İqlim Sazişindən çıxmaq, Avropanın özünün NATO-ya daha çox maliyyə ayırması və Rusiya-Ukrayna müharibəsi kontekstində fikirləri əsas da Avropa siyasi isteblişmentini narahat etməyə başlayıb.

Trampın yürütdüyü ümumi siyasəti analiz etsək, güclü ABŞ, daha çox öz bölgəsində fəaliyyətdə olması, ABŞ-nin iqtisadi, siyasi gücləndirilməsi, iqtisadiyayyatının şaxələndirilməsi və daha çox ölkə daxilindəki məsələlərin, hər bir ABŞ vətəndaşının layiqli yaşaması üçün proqramları elan etməsi gözləniləndir”.

Vüqar İskəndərov əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi kontekstində özünəməxsus yanaşması və Vladimir Putinlə görüşmək istəməsi Trampı fərqləndirir.

“Bununla bağlı o, müəyyən fikirlər söyləyir və yaxın zamanlarda əməli addımlar da atıla bilər. Putin də görüşdə maraqlı olduğunu göstərir. Görüşün nəticələri Ukrayna ilə bərabər Avropa üçün də eyni aqibət vəd edir. Tramp özünün maraqlı gedişləri ilə Avropanın bir sıra dairələrini artıq təşvişə salıb. Trampın gedişlərində hiss olunur ki, o, özündən uzaq Cənubi Qafqaz, Yaxın Şərq siyasətində Bayden hakimiyyəti qədər maraqlı görünməyəcək, ABŞ-nin milli maraqlarına uyğun siyasət həyata keçirəcək”, - deyə deputat qeyd edib.