23-24 yanvar 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib.
Trend xəbər verir ki, iclasda Fondun üzv ölkələri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.
Fondun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq təşkilatın 2024-cü il ərzində gördüyü işlərdən bəhs edib və xüsusilə vurğulayıb ki, Fond tərəfindən ötən il 74-dən çox layihə və tədbir həyata keçirilib. Bu konteksdə Aktotı Raimkulova: Astanada keçirilən Sammitin bəyannaməsinə əsaslanaraq Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpa və rekonstruksiya işlərinin başa çatdırılması, “Türk Dünyasına Baxış 2040” sənədini və TURKTIME təşəbbüsünü rəhbər tutaraq Türk dünyası kataloqunun hazırlanması, Beşinci Dünya Köçəri Oyunlarının dəstəklənməsi, İstanbulda tarixi-memarlıq abidələri idarəçiləri üçün Türk mədəni irsinin idarə olunması ilə bağlı bilik və təcrübə mübadiləsi proqramının keçirilməsi, “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” kitab seriyalarının təsisi, Bakıda “Türk dünyasının tarixi-mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi nəzərindən” adlı beynəlxalq konfransın keçirilməsi, UNESCO-nun Parisdəki mənzil-qərargahında türk dünyasının görkəmli alimi Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı «Dīwān Lughāt at-Turk» adlı türk dillərinin ilk ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsini və digər bu kimi tədbirləri qeyd edib.
İclasın gündəliyinə türk xalqlarının mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.
Dövlət qurumlarının nümayəndələri və Fondun əməkdaşları qurumun normativ sənədlərinə dəyişiklikləri müzakirə edib, Fondun 2025 və 2026-cı illər üçün Fəaliyyət Planlarına daxil edilmiş türk dünyasının zəngin irsinin təbliği, qorunması və bərpasına yönəlmiş layihələrin ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunmalıdır ki, cari il Fondun Şurasında Qazaxıstan Respublikası sədrlik edir və təşkilatın ikinci Şura toplantısı Fonda Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə 7 fevral 2025-ci il tarixində Astanada keçiriləcək.