Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir

Hindistan və Azərbaycan dərin sivilizasiyaya və mədəni əlaqələrə malikdir ki, bu da 2024-cü ildə bir sıra yüksəksəviyyəli qarşılıqlı münasibətlərlə daha da güclənib. Bizim iqtisadi əməkdaşlığımız çiçəklənməyə davam edir. İkitərəfli ticarətimiz güclü olub. 2024-cü ildə Hindistanın aparıcı qaz və neft şirkəti “ONGC Videsh Limited” (OVL) əlavə investisiya ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və qaz yatağında, həmçinin “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri şirkətindəki səhmlərinin sayını artırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan Hindistanın 76-cı Respublika Günü münasibətilə Bakıda təşkil edilən qəbulda söyləyib. O qeyd edib ki, xalqlararası münasibətlərin inkişafı fonunda Hindistan Azərbaycana gələn turistlərin sayca ən çoxluq təşkil etdiyi üçüncü ən böyük mənbə olub. 2024-cü ildə əvvəlki illə müqayisədə Hindistandan gələn turistlərin sayı 2,1 dəfə artıb. Hindistanla Azərbaycan arasında birbaşa uçuş əlaqəsi qısa müddətdə həftədə 3 dəfədən 14 dəfəyə qalxıb.

“Hindistanla Azərbaycan arasındakı nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ticarət münasibətlərimizi və xalqlararası əlaqələri daha da gücləndirəcək. Bizim ITEC (Hindistan Texniki və İqtisadi Əməkdaşlıq) proqramına flaqmanlığımız vasitəsilə çoxsaylı Azərbaycan rəsmiləri öz bacarıqlarını təkmilləşdiriblər və təqribən 450 hindistanlı tələbənin təhsillərini Azərbaycanda davam etdirdiyini görə bilərik. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı töhfələr üçün böyük vədlər verir”, - deyə səfir vurğulayıb.