Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda Andrey Ravkovun səfir kimi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səmərəli fəaliyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq prinsiplərinə söykəndiyi ifadə edilərək, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli münasibətlərin mühüm rolu qeyd edilib. Ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin və geniş siyasi təmasların münasibətlərin inkişafına töhfələri vurğulanıb, o cümlədən ölkələrimizin beynəlxalq təşkilatlarda da səmərəli fəaliyyəti diqqətə çatdırılıb.
Görüşdə parlamentlərimiz arasında münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil etdiyi, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi vurğulanıb.
Sonda A.Ravkov diqqətə və ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə dəstəyə görə təşəkkürünü bildirərək ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına inamını ifadə edib.