Azərbaycanın və Türkiyənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib.

Söhbət zamanı C.Bağçının ölkəmizdə diplomatik fəaliyyəti dövründə qardaş ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.

Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin iki ölkənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr olmadığı vurğulanıb. Ölkələrimiz arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsi istiqamətində parlamentlərimizin də rolu qeyd edilib. Qanunverici orqanlarımızın və deputatlarımızın bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.

Cahit Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.