Səhiyyə Nazirliyi Zəngilan rayonunda əhali üçün səyyar müayinələr təşkil edib

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir yanvarın 17-də baş tutub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirilib.

Aksiya çərçivəsində Ağalı kəndinin sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16- 65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.

 

Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.

Aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdən keçirilib.

Həmçinin, məktəb yaşlı uşaqlar üçün sağlam həyat tərzi və vaxtın düzgün idarə edilməsi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Kompüterdən uzun müddət istifadənin sağlamlığa təsiri barədə məlumat verilib. Bundan əlavə, səhv seçilən məktəb çantasının uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaratdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.