Rusiyalı jurnalistin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın mənfi reaksiyası çaşqınlıq yaradır - Zaxarova

Rusiyalı jurnalistin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın mənfi reaksiyası çaşqınlıq yaradır.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

“Biz Ermənistanın söz azadlığı tərəfdarı olduğunu hər zaman İrəvandan eşidirik, ona görə İrəvandakı bu reaksiya təəccüb doğurur. Rusiya Federasiyasının rəsmi mövqeyi İrəvana bəllidir: Rusiya ardıcıl olaraq üçtərəfli razılaşmalar əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpası haqda danışır. Bu mövqe son dərəcə aydın şəkildə ifadə olunub”, -deyə o bildirib.

Qeyd edək ki, söhbət “Rossiya seqodnya” agentliyinin baş direktoru, teleaparıcı Dmitriy Kiselyovun Zəngəzur dəhlizi haqda dedidklərindən gedir.

Kiselyov Zəngəzur dəhlizinin Bakı üçün “həyati əhəmiyyətli” olduğunu bildirmiş və İrəvanın Azərbaycanın dəhlizi açmaqla bağlı tələblərinə məhəl qoymadığını qeyd etmişdi.

Bununla əlaqədar, Rusiya Federasiyasının Ermənistanda olan səfiri S.P. Kopırkin Ermənistan XİN-ə dəvət olunmuş və ona etiraz notası təqdim edilmişdi.