Bakı. Trend:
Azərbaycan Ermənistan tərəfi Azərbaycanın Qarabağ regionundakı humanitar məsələləri siyasiləşdirməyə son verməyə və Ağdam-Xankəndi yolu ilə orada yaşayan ermənilərə humanitar yardımın çatdırılmasına mane olmamağa çağırır.
Trend xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib.
"Ermənistanın Laçın yolunda "blokada"ya dair iddiaları əvvəldən əsassız olub. Yol vasitəsilə normal tənzimlənən keçidə gah təxribatlarla, gah da böhtan kampaniyaları ilə məhz Ermənistan mane olur", - o deyib.
R.Sadıqbəylinin sözlərinə görə, BMT Beynəlxalq Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarı Azərbaycan tərəfindən sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistan tərəfin ittihamlarını mahiyyətcə təkzib edib.
"Azərbaycan sərhəddə bu nəzarət-buraxılış məntəqəsini yaradarkən öz suveren hüquqları çərçivəsində hərəkət edib. Azərbaycanda yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri ilə bağlı çağırışlara gəlincə, Azərbaycan qanunvericiliyə və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq erməni mənşəli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına inteqrasiya etməkdə və milliyyətindən və ya etnik mənşəyindən asılı olmayaraq bütün vətəndaşları üçün bərabər hüquqlar təmin etməkdə tam qərarlıdır", - deyə o əlavə edib.
Bundan başqa, Azərbaycan hökuməti yerli erməni sakinlərin reinteqrasiyası ilə bağlı məsələləri müzakirə etmək məqsədilə onlarla dialoq aparması üçün xüsusi nümayəndə təyin edib.
"Xüsusi nümayəndənin erməni sakinlərlə ilk görüşündən sonra Ermənistan tərəfi müzakirələrin Bakıdakı növbəti raundunu əngəlləyərək yersiz şərtlər irəli sürüblər. Qeyd etmək lazımdır ki, Azərbaycan bu dialoqu başlamaq təşəbbüsü ilə çıxış edib və nəzərəçarpan nəticələrin əldə edilməsinə həqiqətən tərəfdar olduğunu nümayiş etdirərək əlavə görüşlər keçirməyə hazır olduğunu bildirib. Bu xoş məram jestlərinə qarşılıqla cavab vermək lazımdır, bundan sui-istifadə etmək lazım deyil", - deyə R.Sadıqbəyli qeyd edib.