Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin gələcək inkişafı ilə bağlı konseptual sənəd təqdim edib.
Trend xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay yanvarın 15-də Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu bildirib.
Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd edib.
Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğulayıb, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını deyib.
O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirib.