Növbəti köç karvanı Xocalıya çatıb (FOTO) (ƏLAVƏ EDİLİB)

Yanvarın 15-də növbəti köç karvanı Xocalı rayonuna çatıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, bu gün Xocalı şəhərində, rayonun Ballıca kəndində və Şuşa şəhərində ümumilikdə 28 ailə olmaqla, 135 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşur.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

xxx

11:59

 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə yola salınıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülür.

Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır.

Gallery