Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) “Bir millət, üç dövlət” prinsipi əsasında əməkdaşlığı uğurla inkişaf etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) təhlükəsizlik və kəşfiyyat Komitəsinin sədri Veysəl Tipioğlu Lefkoşada ŞKTC Prezidenti Ersin Tatarla keçirdiyi görüşdə deyib.

Türkiyə parlamentinin üzvü Azərbaycan Milli Məclisinin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərarını yüksək qiymətləndirib. “Türkiyə, ŞKTC və Azərbaycanın iştirak etdiyi üçtərəfli münasibətlərin daha da inkişaf edəcəyinə tam əminik”, - deyə Tipioğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə parlamenti ŞKTC-nin beynəlxalq əlaqələrinin intensivləşməsi üçün hər cür səy göstərir.

Tipioğlu qeyd edib ki, ŞKTC parlamentinin Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Parlamentlərarası Birlik və Türk Dövlətləri Parlament Assambleyası kimi dialoq platformalarının bir hissəsinə çevrilməsi TBMM-nin prioritetlərindən biridir.

Türkiyəli millət vəkili Qırğızıstanın ŞKTC-ni Türk Dövlətləri Təşkilatının (TDT) noyabrda Bişkekdə keçiriləcək sammitinə fəxri qonaq qismində dəvət etmək qərarını alqışlayıb. “TDT ölkələri ilə dialoqun genişləndirilməsi Kipr türk xalqının öz hüquqları uğrunda apardığı ədalətli mübarizəyə və dünya ictimaiyyətinin Kipr həqiqətləri barədə məlumatlandırılmasına töhfə verəcək”, - deyən Tipioğlu, həmçinin Ankaranın Lefkoşanın yanında olduğunu və bu dəstəyin davam edəcəyini vurğulayıb.

ŞKTC Prezidenti, öz növbəsində, Türkiyə ilə milli təhlükəsizlik və müdafiə sahəsində əlaqələri daha da dərinləşdirməyə hazır olduğunu bəyan edib.