Qazaxıstan və Azərbaycanla imzalanan saziş “yaşıl” enerjinin Avropaya ixracına şərait yaradacaq - Şavkat Mirziyoyev

Bu yaxınlarda COP29 çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanmış çoxtərəfli saziş “yaşıl” enerjinin Avropaya ixracı üçün şərait yaradacaq.

Trend xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliyində keçirilən Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi (ADSW) zirvə toplantısında etdiyi çıxışda bildirib.

“Enerji sahəsindəki qarşılıqlı əlaqələr yolu ilə Böyük ipək yolunun bərpası üçün ilk addımlar atılıb”, - özbəkistanlı lider bildirib.

 

Dövlət başçısı həm də onu qeyd edib ki, müvafiq olaraq Dubay və Bakıda keçirilən, COP28 və COP29 konfranslarında, həmçinin digər iki beynəlxalq forumda Özbəkistan qlobal iqlim dəyişikliyinin neqativ fəsadlarına qarşı mübarizə ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb

Xatırladaq ki, BƏƏ paytaxtında Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi keçirilir. Beynəlxalq tədbirin yanvarın 18-ə kimi davam edəcəyi bildirilir.

Tədbir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi ilə keçirilir. Sosial-iqtisadi və texnoloji tərəqqini sürətləndirmək və 10 trilyon dollar civarında qiymətləndirilən potensial iqtisadi imkanların reallaşdırılması üçün ADSW çərçivəsində 13 dövlət başçısı, 140-dan çox nazir və yüksək vəzifəli rəsmi şəxslər, həmçinin biznes və texnologiya sahələrinin liderləri bir araya gələcəklər.