Azərbaycan bizim üçün strateji tərəfdaşdır - Belarusun yeni səfiri

Azərbaycan bizim üçün strateji tərəfdaşdır.

Trend "BELTA"ya istinadən xəbər verir ki, bunu yanvarın 14-də Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Dmitri Pineviç jurnalistlərin sualını cavablandıran zaman bildirib.

"Azərbaycan bizim üçün adi tərəfdaş deyil, strateji tərəfdaşdır. Bu bir sıra faktorlarla əlaqəlidir. Bizim aramızda uzaq məsafənin olmasına və xalqlarımızın keçdiyi tarixi yolun sanki fərqli olmasına rəğmən, biz bir-birimizə çox oşxayırıq. Biz mental baxımdan bir-birimizə oxşayırıq, bir-birimizi dəyərləndiririk, insan həyatına dəyər veririk, öncəki nəsillərin təcrübəsini çox diqqətli şəkildə mənimsəyirik. Mən hesab edirəm ki, bu faktor və bizim ölkələrin rəhbərlərinin strateji əməkdaşlığa verdikləri bu təkan, indi iki ölkə arasında yaxşı əlaqə nöqtələrinin olmasına gətirib çıxarıb", - o bildirib.

Səfirin sözlərinə görə, ikitərəfli əməkdaşlığın bütün istiqamətləri yaxşı strukturlaşdırılıb və Belarus prezidentinin bu yaxınlarda Azərbaycana etdiyi səfəri zamanı aktuallaşıb.

"Amma inkişaf nöqtələri humanitar sahədədir. Bu, nə qədər paradoksal görünsə də," - deyə səfir bildirib.

Buna misal olaraq o iki ölkənin səhiyyə sistemləri arasında, həmçinin əczaçılıq, bioloji sənaye, İT sferası, tədris proqramlarında olan qarşılıqlı əlaqələrdəki inkişafı göstərib. O sadalananların öz növbəsində mədəniyyətlərarası əlaqələrin inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib.

"Biz yaxşı mənada, qarşılıqlı əlaqə nöqtələrini əhatə edən bu cür "dövriyyə" yarada bilsək, istədiyimiz effektə - (qarşılıqlı ticarət dövriyyəsini artırmaq - qeyd) nail olacağıq", - deyə Dmitri Pineviç bildirib.

Onun fikrincə, əczaçılıq və bioloji sənaye sahələrində əməkdaşlıq xüsusilə perspektivlidir, çünki bu sahələrdə istehsal olunan məhsulların əlavə dəyəri çox yüksəkdir.

Səfir diqqətə çatdırıb ki, qarşılıqlı əməkdaşlığa hər iki tərəf maraq göstərir və hər iki ölkənin bir-birinə təklif edə biləcəyi çox şey var.

"Bu, iki tərəfli yoldur. Azərbaycan yüksək inkişaf etmiş sənaye və aqrar ölkəsidir. Hər bir sahədə, istər sənaye olsun, istərsə də sosial sahədə, onların nailiyyətləri var. Bu nailiyyətləri bizim nailliyyətlərlə birləşdirsək, elmdən tutmuş mədəni əlaqələrə kimi (müxtəlif sahələri əhatə edən) birgə istehsalat, birgə layihələr ərsəyə gələcək. Biz başqa bazarlarda da birgə işləməliyik. Azərbaycanın ən yüksək texnologiyalara çıxışı var. Bizim vəzifəmiz bu texnologiyaları strateji səviyyədə təklif etməkdən ibarətdir", - o bildirib.