Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi fərman imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən onlara göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava və su nəqliyyatı vasitəsilə aparılarkən və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini hava və su nəqliyyatı vasitəsilə tərk edərkən geri qaytarılması qaydasını tənzimləyir.
Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə isə həmin şəxslər tibbi xidmətlərin göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda şamil edilir və müvafiq xidmətlərə görə ödənilmiş ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.
Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğ yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.