İrəvan ordusunu "süni intellekt"li etmək istəyir

Nikol Paşinyanın Ermənistanın sürətlə silahlanmasına yönəlmiş siyasətinin nəticəsi olaraq bölgədə yaranmış gərginlik 2024-cü ildən bu sənəyə keçdi.

Rəsmi İrəvan 44 günlük İkinci Qarabağ Müharibəsində darmadağın edilmiş ordusunu "dirçəltmək" və modernləşdirmək istiqamətində məqsədli,intensiv addımlar atmaqla revanşist ambisiyalarını aşkar nümayiş etdirir. Bu prosesin mərkəzində Fransanın aktiv dəstəyi dayanır. Fransa prezidenti Emmanuel Makron qəsdən, inadla Ermənistanın militarist və revanşist gündəmini həm siyasi, həm hərbi səviyyədə gücləndirir, beynəlxalq hüququn əsas prinsiplərini qulaqardı edir.

Baş verənlər yalnız regionda deyil, daha geniş miqyasda təhlükəli presedent yaradır.

İrəvanın məhdud iqtisadi resursları bu hərbi səylərin miqyasını və perspektivlərini şübhəli etsə də, Paşinyanın "hami"lərindən, xüsusilə Fransadan aldığı dəstək onun remilitarizasiya siyasətini davam etdirməsinə şərait yaradır. Hərbi büdcənin artırılması, müasir texnologiyaların alınması və yeni təşəbbüslərin reallaşdırılması – bütün bunlar Ermənistanın gələcəyə dair məkrli planlarının bariz göstəriciləridir. Xüsusilə "1991-ci il" adlanan "süni intellekt tağımı" təşəbbüsü Ermənistanın hərbi modernləşmə strategiyasının mərkəzi elementinə çevrilib. Bu ad, yalnız Qarabağ münaqişəsinin başlandığı ilə işarə etməklə qalmır, eyni zamanda Ermənistanın revanşist ideologiyasını və keçmişə bağlı qisasçı ambisiyalarını əks etdirir.

"Süni intellekt tağımı" yaradılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir: "Müdafiə sistemində yüksək texnoloji həllərin yaradılması, onların səmərəli tətbiqi, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bacarıqlarından daha səmərəli istifadə etmək məqsədilə müsabiqə elan edilir. “2024-cü ilin qış çağırışı üzrə çağırışçılar “1991-ci il bölüyü”nün süni intellekt tağımında müddətli həqiqi hərbi xidmətə çağırış müsabiqəsində aşağıdakı ixtisaslardan biri ilə iştirak edə bilərlər: robototexnika, məlumat mühəndisliyi, məlumatların təhlili və statistikası”.

Fəqət "süni intellekt tağımı" layihəsinin gerçəkliklə nə qədər uyğun gəldiyi böyük suallar doğurur. İlk növbədə, bu təşəbbüs daha çox təbliğat xarakteri daşıyır, nəinki real texnoloji inkişafın nümunəsi. Ermənistanın iqtisadi zəifliyi, yüksək texnologiyalar sahəsində təcrübəsizlik və resurs çatışmazlığı bu cür iddialı layihələrin həyata keçirilməsini ciddi şəkildə məhdudlaşdırır. Layihənin Fransanın dəstəyi olmadan həyata keçirilməsi isə, ümumiyyətlə mümkün deyil.

Azərbaycanla müqayisədə Ermənistanın militarist yanaşması açıq-aşkar qeyri-effektivdir. Azərbaycan İkinci Qarabağ müharibəsində sübut etdiyi kimi, müasir texnoloji həllərə və yüksək keyfiyyətli beynəlxalq əməkdaşlığa üstünlük verir. Türkiyə və İsrail kimi strateji tərəfdaşlarla qurulan əməkdaşlıq nəticəsində rəsmi Bakının hərbi strategiyası süni intellekt əsaslı idarəetmə sistemləri və dron texnologiyaları ilə güclənmiş, effektivliyini beynəlxalq səviyyədə nümayiş etdirmişdir. Azərbaycan öz müdafiə potensialını artırarkən, revanşist ritorikadan uzaq qalaraq, bölgədə sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir.

Nikol Paşinyanın remilitarizasiya siyasətində Parisin oynadığı "rol" müstəsnadır. Parisin bu mövqeyi yalnız İrəvana aşkar dəstəklə yanaşı, Cənubi Qafqaz bölgəsində tarazlığın pozulmasına yönəlmiş bir addımdır. Fransanın militarist yanaşmanı dəstəkləməsi, beynəlxalq öhdəliklərini görməzdən gəlməsi və Ermənistanın revanşist siyasətinə siyasi çətir yaratması təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə qarşı real təhdid sayıla bilər.

Yaşanan proseslər Nikol Paşinyan administrasiyasının "hami"lərinə necə güvəndiyini göstərir. Ancaq tarix sübut edib ki, militarist siyasət qısa müddətli üstünlük gətirsə də, uzunmüddətli perspektivdə yalnız məğlubiyyət və daha böyük problemlərlə nəticələnir. Azərbaycanın texnoloji üstünlüyü, rasional siyasəti və strateji tərəfdaşlıqları bölgənin gələcəyinə ümid işığı verir. Ermənistan isə revanşizmə əsaslanan siyasətindən imtina etmədən sabitlik və inkişaf yolunda əngəl olaraq qalacaq.

Fransanın Ermənistana hərbi dəstək göstərməsi yalnız adi müttəfiqlik münasibətləri ilə izah edilə bilməz. Bu dəstək regionda yeni bir silahlanma yarışını təşviq edir və balansı sarsıdır. Parisin hərbi yardımından tutmuş diplomatik lobbiçiliyə qədər bütün səyləri, Ermənistanın revanşist siyasətini gücləndirmək və onun remilitarizasiyasını daha da sürətləndirmək məqsədini güdür. Ən müasir texnologiyaların və silahların təqdim edilməsi - "Ground Master 200" radar sistemləri, "Mistral 3" zenit-raket kompleksləri, CAESAR artilleriya qurğuları kimi - İrəvana strateji üstünlük qazandırmaq cəhdidir. Amma bu cür yardım təkcə regionda deyil, beynəlxalq miqyasda sülh üçün təhlükə yaradır.

Ermənistan öz iqtisadi zəifliyinə və məhdud resurslarına baxmayaraq, Fransa ilə birlikdə hərbi güclənmə siyasətini həyata keçirir. Müasir texnologiyaların tətbiqi üçün birgə tədris mərkəzlərinin yaradılması və Ermənistan mütəxəssislərinin Fransanın hərbi akademiyalarında təlim keçməsi bu siyasətin əsas istiqamətlərindəndir. Fransa, həmçinin Ermənistanın militarizasiyasını beynəlxalq arenada müdafiə edir, tənqid edən qətnamələrin qəbuluna mane olur və tərəfdaşlara təzyiq göstərərək Ermənistanın revanşist ambisiyalarını qoruyur. Bu dəstək, Fransanın beynəlxalq öhdəliklərinə və ATƏT, Aİ kimi təşkilatlardakı formal mövqelərinə zidd olsa da, Paris bu ziddiyyəti nəzərə almır.

Rəsmi Parisin bu addımları yalnız İrəvanın revanşist ambisiyalarını gücləndirmir, həm də bölgədə genişmiqyaslı münaqişənin yenidən alovlanma riskini artırır. İrəvan Parisin siyasi və hərbi çətiri altında sərhəddə təxribatlara yol verir, bu isə təkcə Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütün Cənubi Qafqazda destabilizasiya təhlükəsini gücləndirir. Bu gərginliklər genişmiqyaslı hərbi eskalasiyaya və regionun uzunmüddətli qeyri-sabitliyinə gətirib çıxara bilər.

Ermənistanın revanşist siyasəti Fransanın aktiv dəstəyi ilə sülh danışıqlarını çətinləşdirir və əməkdaşlıq üçün zəruri olan hər hansı dialoqun qarşısını alır. Bu, Ermənistanın öz gələcəyini silahlanma üzərində qurmaqla, sabitlik və inkişafdan uzaq bir yol seçdiyini göstərir. Regionun gələcəyi yalnız əməkdaşlıq və dialoq vasitəsilə sabit və dayanıqlı ola bilər. Fransa kimi dövlətlərin militarist siyasəti təşviq etməsi isə bu perspektivi təhlükə altına alır.

Azərbaycanın isə tamamilə fərqli yanaşması var. O, sınaqdan çıxmış texnoloji həllərə, Türkiyə və İsrail kimi tərəfdaşlarla əməkdaşlığa üstünlük verir və öz hərbi strategiyasını müasir texnologiyalarla gücləndirir. İkinci Qarabağ müharibəsində sübut olunduğu kimi, Azərbaycanın bu siyasəti effektivliyi ilə seçilir və revanşist ambisiyalardan uzaqdır. Ermənistan revanşizm və silahlanmaya sərmayə qoyduğu halda, Azərbaycan bölgədə sabitliyin qorunmasını təmin etmək üçün çalışır.

Situasiya göstərir ki, Ermənistanın remilitarizasiyası, Fransa tərəfindən dəstəklənən revanşist siyasət, bölgənin təhlükəsizliyini və sabitliyini ciddi təhlükə altında qoyur. Ermənistan yalnız revanşist ambisiyalardan imtina edərək və beynəlxalq öhdəliklərini qəbul edərək, dialoq və əməkdaşlıq yolu ilə regionun dayanıqlı gələcəyinə töhfə verə bilər. Əks halda, bu siyasət nə Ermənistanın, nə də Cənubi Qafqazın sabitliyinə xidmət edəcək. Fransa isə qısa müddətli maraqlardan çıxış etməklə, öz beynəlxalq nüfuzuna da ciddi zərbə vurur. Regionda sülhə və inkişaf perspektivlərinə yalnız silahlanma yarışını dayandırmaq və əməkdaşlığı təşviq etməklə nail olmaq mümkündür.

Fransanın Ermənistanın remilitarizasiyasında oynadığı rol, adi hərbi dəstək münasibətlərindən qat-qat dərin və geniş miqyaslı bir xarakter daşıyır. Bu proses yalnız bir ölkənin hərbi potensialını artırmaq məqsədinə xidmət etmir, həm də regionda gərginliyin artmasına, münaqişələrin yenidən alovlanmasına və Cənubi Qafqazda güc balansının ciddi şəkildə pozulmasına səbəb olur. Paris silah və texnologiya tədarükündən tutmuş, diplomatik lobbiçiliyə qədər geniş spektrdə dəstək göstərir və bu siyasəti ilə regionun təhlükəsizliyi üçün ciddi bir təhdid yaradır.

Ermənistana tədarük edilən “Bastion” zirehli avtomobillər, "Ground Master 200" radar sistemləri, "Mistral 3" zenit-raket kompleksləri və CAESAR artilleriya qurğuları kimi müasir hərbi texnologiyalar İrəvanın hərbi gücünü artırmaq üçün birbaşa istifadə olunur. Bu silahlanma, Ermənistan ordusunun müdafiə qabiliyyətini yüksəltmək məqsədi daşısa da, əslində revanşist siyasət üçün alət rolunu oynayır. Fransa Ermənistanın iqtisadi zəifliyinə baxmayaraq, bu hərbi proseslərin davamlılığını təmin etmək üçün təlim proqramları və texnoloji dəstək layihələrini də həyata keçirir. Ermənistanlı zabitlərin Fransanın hərbi akademiyalarında hazırlıq keçməsi və müasir silahların tətbiqi üzrə ixtisaslaşması bu siyasətin davamlı xarakterini təsdiqləyir.

Fransanın geosiyasi məqsədləri isə bu dəstəyin arxasındakı əsas motivləri ortaya qoyur. Cənubi Qafqazda nüfuzunu artırmaq və Türkiyə ilə Rusiyanın təsirini azaltmaq üçün Paris, Ermənistanı strateji tərəfdaş kimi istifadə edir. Bununla yanaşı, Azərbaycanın mövqelərini zəiflətmək üçün Ermənistanla olan əməkdaşlığı regionda alət kimi işlətməkdən çəkinmir. Fransadakı güclü erməni diasporası isə bu siyasətin daxili siyasi təkanverici qüvvələrindən biridir. Bu təsir Fransanın ermənipərəst mövqeyini yalnız hərbi deyil, həm də diplomatik səviyyədə daha güclü edir.

Ancaq bu siyasətin nəticələri yalnız Ermənistanın hərbi potensialını artırmaqla məhdudlaşmır. Bu cür yanaşma regionda sabitliyin daha da pozulmasına, münaqişənin həllində irəliləyişin qarşısının alınmasına və beynəlxalq təhlükəsizliyin zəifləməsinə gətirib çıxarır. Ermənistanın remilitarizasiya siyasəti sərhəddə təxribatları artırır, revanşist ambisiyaları gücləndirir və genişmiqyaslı hərbi eskalasiya riskini yüksəldir. Fransanın bu destruktiv addımları beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, Cənubi Qafqazda əməkdaşlıq üçün zəruri olan qarşılıqlı etimad mühitini də məhv edir.

Beynəlxalq ictimaiyyət bu təxribatların qarşısını almaq üçün koordinasiyalı və qətiyyətli addımlar atmalıdır. Xarici müdaxilələr dayandırılmalı, regionda silahlanma yarışına son qoyulmalı və sülh təşəbbüsləri irəlilədilməlidir. Cənubi Qafqazda sabitlik yalnız dialoq və əməkdaşlıq əsasında mümkün ola bilər. Fransanın militarist siyasətinin təhlükələri beynəlxalq səviyyədə ciddi müzakirəyə çıxarılmalı, bölgənin geosiyasi qarşıdurma meydanına çevrilməsinin qarşısı alınmalıdır. Əks təqdirdə, bu siyasət yalnız regionu deyil, bütün beynəlxalq nizamı təhlükə altına qoyacaq.

Sülh və təhlükəsizlik, yalnız hərbi deyil, həm də siyasi məsuliyyət tələb edir - həm İrəvandan, həm də onun xarici himayədarlarından...