Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.
Qeyd edək ki, Monteneqronun Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətl törədilib. Hökumət kütləvi qətlə görə üç günlük matəm elan edib. Ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.
Xatırladaq ki, bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətl hadisəsidir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.