Yaşar Güler: Türkiyə bundan sonra da qardaş Azərbaycanı dəstəkləməkdə davam edəcək

Türkiyə Azərbaycanın sabit inkişafı naminə bundan sonra da qardaşlarını dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin Yeni il müraciətində deyilir.

O, Ankara və Bakının siyasətinin “Bir millət, iki dövlət” tezisi üzərində qurulduğunu vurğulayıb. “Biz təhlükəsizlik və əmin-amanlıq məsələlərində Türkiyə ilə Azərbaycan arasında fərq qoymuruq. Biz Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq!” - deyə milli müdafiə naziri bildirib.

Y.Güler iki ölkənin tarixi dostluq və qardaşlıq bağlarına diqqət çəkib.

O, həmçinin “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

“Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı ilə bağlı dərin kədər hissi keçiririk. Həlak olanların doğmalarına və yaxınlarına, dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Biz zərərçəkmişlərin tezliklə sağalacağına ümid edirik”, - deyə türkiyəli nazir qeyd edib.