Hazırda İstintaq idarəsi tərəfindən təyyarə qəzası ilə bağlı genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir - Baş prokuror

Hazırda İstintaq idarəsi tərəfindən AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclasında deyib.

"Hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Bundan əlavə aidiyyəti dövlət qurumları, habelə Qazaxıstan Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikasının prokurorluq orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və qısa müddət ərzində bu istiqamətdə konkret nəticələrin əldə edilməsi təmin olunacaqdır", - K.Əliyev bildirib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.