Ermənistanın təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin ifşa edilməsi və bu əməllərə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində 2024-cü il ərzində işlər davam etdirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
Qeyd edilib ki,12 yanvar tarixində Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsində “Enerji Xartiyası Müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib.
"19 noyabr tarixində Azərbaycan hökuməti “Enerji Xartiyası Müqaviləsi” çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib. Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb edir.
12 aprel tarixində Daimi Arbitraj Məhkəməsində “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. Bu arbitraj iddiasında Azərbaycan Respublikası Ermənistan Respublikasından Azərbaycanın ətraf mühitinə vurduğu zərər və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə qarşı tərəfin məsuliyyətinin təsbit edilməsini və maddi təzminat ödənilməsini tələb edir", - deyə əlavə edilib.