Vəkillərin peşəkarlığının yüksəlməsi hüquq-mühafizə orqanlarının peşəkarlığının yüksəlməsi deməkdir.
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi, polkovnik Elşad Nəsirov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, diplom alan peşəkar hüquqşünasların öz üzərlərində işləmələrinin vacibliyini vurğulayıb:
"Vəkilləri peşə bayramı münasibəti ilə təbrik edirəm. Vəkillərin peşəkarlığının artması hüquq-mühafizə orqanlarının peşəkarlığının yüksəlməsi deməkdir. Vəkillik institutu öz inkişaf dövrünü yaşayır. Azərbaycanda hüquqşünas kadrlar hazırlayan təhsil müəssisələrinin sayı çox deyil. Bu il bizim Akademiyaya qəbul olan hüquqşünaslar 600-dən çox bal toplayıblar.
Vəkillər Kollegiyasının Akademiyasının yaradılması sevindirici haldır. Sürətli inkişaf hər bir sahədə olduğu kimi bu sahədə də zəruridir. Bu gün diplom alan peşəkar hüquqşünas öz üzərində işləmirsə, beş ildən sonra həmin göstəricilərə sahib olmur".