Əli Əhmədov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb

Bakı. Trend:

Baş nazirin müavini Əli Əhmədov iyulun 14-də BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən xəbərə görə, ətraflı fikir mübadiləsi zamanı 2023-cü ilin sentyabr ayında baş tutacaq Dayanaqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və Sammit çərçivəsində dünya liderlərinin Zirvə Görüşündə təqdim ediləcək İnsanlar və Planet üçün Xilasetmə Planı ətraflı müzakirə olunub.

Ölkəmizdə DİM-lərin icrası, aparılan islahatlar və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələr və onların həyata keçirilməsinin insan kapitalının inkişafına töhfəsi xüsusilə qeyd olunub.

Bundan əlavə, Azərbaycan ilə BMT arasında müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.