Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov ölkəyə işgüzar səfəri çərçivəsində Tunxa Ticarət Palatasında görüş keçirib.
Trend xəbər verir ki, görüşdə Kolumbiyanın Tunxa şəhərinin Azərbaycanın iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək imkanları müzakirə olunub. Tədbirdə Tunxa Ticarət Palatasının sədri Con Martines, şəhər meri Mixail Krasnov, yerli sahibkarlar və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Tunxa Ticarət Palatasının sədri C. Martines Azərbaycanın artan beynəlxalq nüfuzunu və iqtisadi gücünü qeyd edib. O, azərbaycanlı sahibkarlarla birbaşa ticari əlaqələrin qurulmasında və ikitərəfli işgüzar münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı Kolumbiyanın ixrac potensialı, o cümlədən azad iqtisadi zona və Aqroparkın fəaliyyəti ilə bağlı məlumat verilib. Yerli sahibkarlar qəhvə, güllər, orqanik sertifikatlı meyvələr, konservləşdirilmiş məhsullar və spirtli içkilər kimi ixracyönümlü məhsullarını təqdim ediblər.
Səfir M.Talıbov tədbirin təşkilinə görə minnətdarlığını bildirərək Azərbaycanın aqrar sektorda, qeyri-neft sənayesində artan istehsal və ixrac imkanlarından bəhs edib. O, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, tranzit və logistika imkanları, eləcə də Ələt Azad İqtisadi Zonasının təklif etdiyi üstünlüklər haqqında danışıb.
Görüş iki ölkə arasında iqtisadi-ticarət, biznes və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün səmərəli müzakirələrlə davam edib. Tədbirin sonunda səfir yerli media nümayəndələrinə müsahibə verib.