CƏMİYYƏT
Təbrizdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulluğunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən baş konsul Əliyənnağı Hüseynov qeyd edib ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirlər. Yaxın tarixə nəzər salan diplomat bütün xalqların taleyində ağır sınaqlar dövrü olduğunu, belə bir çətin zamanlarda qüdrətli liderlərin ortaya çıxaraq öz xilaskarlıq missiyası ilə insanları birləşdirdiyini deyib. Azərbaycan xalqı məhz belə bir güclü şəxsiyyət, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşdi, mürəkkəb şəraitdə nicat yolunu tapa bildi.
Baş konsul vurğulayıb: “İftixarla deyə bilərik ki, Azərbaycan xalqının taleyindəki ağır sınaqlar dövründə Ümummilli Lider Heydər Əliyev onun imdadına yetişdi. Bu baxımdan 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı həmin proseslərin məntiqi və qanunauyğun nəticəsi, Uca Allahın xalqımıza bəxş etdiyi xilaskarlıq missiyasının başlanğıcı oldu”.
Diplomat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası parlamentinin sədri seçilən dövrdən başlayaraq qonşu ölkələrlə əlaqələrin qurulması istiqamətində bir sıra tarixi addımlar atıb. Bu kontekstdə sərhəd qonşumuz olan İranla mehriban münasibətlərin yaranmasına xüsusi diqqət yetirilib. Sonrakı illərdə xalqımızın böyük oğlunun müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti nəticəsində Azərbaycan ilə İran arasında qarşılıqlı etimad və əməkdaşlığın təməl prinsipləri müəyyən olunub. Bu müdrik siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ilə İran arasında həyata keçirilən kommunikasiya layihələri təkcə iki qonşu ölkənin deyil, bütün Avrasiya məkanının maraqlarına uyğundur.
Baş konsul əlavə edib: “Ulu Öndər Heydər Əliyevdən Azərbaycana böyük milli irs əmanət qalıb. Müasir, müstəqil, qüdrətli və sülhsevər Azərbaycan dövləti bu milli irsin ən möhtəşəm siyasi memarlıq nümunəsidir. Gələcək nəsillərə əmanət olan bu mirası göz bəbəyi kimi qoruyan Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini reallığa çevirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin tam bərpasını təmin etdi. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın ölkəmizə qarşı yeni ərazi iddiaları və təxribatları İkinci Qarabağ müharibəsinə səbəb oldu. Azərbaycan 2020-ci ilin sentyabrında beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq 44 günlük Vətən müharibəsi və sonrakı illərdə tətbiq etdiyi hərbi-siyasi tədbirlər sayəsində böyük Qələbə qazandı, özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Tarixi Zəfəri Azərbaycana Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz qazandırıb. Otuz illik işğala son qoyulub, azad olunan ərazilərə Böyük Qayıdış istiqamətində dövlət strategiyası əzmlə həyata keçirilir. Qarabağ Zəfəri bütün bölgə ölkələri üçün birgə kompleks inkişaf imkanları yaradıb”.
Diplomat çıxışının sonunda vurğulayıb ki, Ulu Öndərin ən böyük arzusu və amalı işğal altındakı torpaqlarımızın azad olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. İndi onun nəsillərə əmanət etdiyi müstəqil və müasir Azərbaycan qüdrətli bir dövlətdir.
Tədbirin sonunda “Tarixin izi ilə” sənədli filmi nümayiş etdirilib və fotoşəkillərdən ibarət sərgi açılıb.