Yens Stoltenberq Türkiyənin Aİ-yə üzv olmaq hədəfini dəstəkləyir

Bakı, 10 iyul, AZƏRTAC

NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüs sammiti ərəfəsində Prezident Ərdoğanın “əvvəlcə Avropa İttifaqında Türkiyənin önünü açın, sonra biz də İsveçin önünü açaq” sözlərinə münasibət bildirib.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına üzv olmaq hədəfinə dəstəyini ifadə edib.

O, İsveçin NATO-ya üzvlük məsələsini də dəyərləndirib. “Biz İsveçin mümkün qədər tez üzv olması üçün çox çalışırıq. İsveç barədə Vilnüsdə müsbət qərar verilməsi hələ mümkündür”, - deyə NATO-nun Baş katibi vurğulayıb.