Nqozi Okonyo-İveala: Ticarət olmadan qarşımıza qoyduğumuz dekarbonizasiya məqsədlərinə çata bilməyəcəyik

Biz çox inanırıq ki, ticarət olmadan qarşımıza qoyduğumuz dekarbonizasiya məqsədlərinə çata bilməyəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İveala COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Dünya İqtisadi Forumu ilə keçirilən yüksəksəviyyəli sessiyada deyib.

Təşkilatın baş direktorunun fikrincə, məqsədlərə çatmaq üçün açıq və proqnozlaşdırıla bilən ticarətə ehtiyac var: “Hesab edirik ki, aşağı karbon texnologiyalarını yaymaq, ölkələrə onların üstünlüklərindən istifadə etməyə imkan vermək üçün ticarətin rolu əvəzsizdir və bunu etmək üçün ticarət iqlim siyasətinə uyğunlaşdırılmalıdır.

Düşünürəm ki, ticarət, əlbəttə ki, çox geniş yayılmış və populyar olan bir mövzu olmayıb və buna görə də ilk ticarət sərmayəsi və maliyyə gününü birlikdə keçirdiyimizə görə Azərbaycan hökumətini alqışlayıram.

Belə bir tədbirimiz COP28-də də oldu. Maliyyəni toplaya bilərsiniz, lakin uyğunlaşdırılmış ticarət siyasətiniz yoxdursa, pulunuzu xərcləyə bilməyəcəksiniz. Biz pandemiya zamanı gördük ki, insanların maliyyəyə çıxışı olub, lakin vaksinlərə çıxış əldə edə bilmədik, çünki ixracı dayandıran məhdudlaşdırıcı ticarət siyasətimiz var idi və digərləri buna mane olurdu”.

Nqozi Okonyo-İveala bildirib ki, günəş, külək və digər bərpaolunan enerjinin daşınması o qədər də asan deyil və bu, enerji mənbəyinin yerləşdiyi bölgənin öz istehsalını həyata keçirməsinə imkan verir: “Bu, bir çox inkişaf etməkdə olan ölkələrin, xüsusən də qlobal sistemin kənarında qalanların xeyrinə işləyə bilər. Gəlin, tədarük zəncirlərini şaxələndirək və sizin böyük müqayisəli üstünlüyə malik olduğunuz ərazilərdə yerləşdirək. Əgər siz bu kritik minerallarla birlikdə təmiz enerji istehsal edə bilsəniz, faktiki olaraq başqa yerdən enerji almağa ehtiyac qalmaz”.